Gülü İrəvanda etiraz aksiyaları qarşıladı

Gülü İrəvanda etiraz aksiyaları qarşıladı
# 06 sentyabr 2008 18:59 (UTC +04:00)
Bakı-APA. Ermənistanda səfərdə olan Türkiyə prezidenti Abdullah Gül bu ölkənin başçısı Serj Sarkisyanla təkbətək görüşüb. APA-nın xəbərinə görə, təyyarədən enərkən də Daşnaqsutyun partiyasının etiraz aksiyası ilə qarşılaşan Gülə İrəvanda prezident sarayının önündə də eyni formada “xoş gəldin” ediblər.

Bir saata qədər prezidentlər və xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşdən sonra jurnalistlərə açıqlama verən Gül İrəvanda olmaqdan məmnunluq duyduğunu, futbol oyununun görüş üçün verdiyi fürsəti “gözəl bir şəkildə” dəyərləndirdiklərini deyib.

Gülün sözlərinə görə, görüşdə Qafqaz bölgəsindəki vəziyyət müzakirə olunub.

Türkiyə prezidenti bildirib ki, Serj Sarkisyanla birlikdə ölkələri arasındakı problemlərin həlli üçün şərait yaradılması ilə bağlı iradə ortaya qoyublar: “Ümid edirəm ki, bu ziyarət iki ölkə arasında problemlərin həllində yeni bir başlangıc olacaq”.

Gül həmçinin Sarkisyanın “Qafqaz İttifaqı” ideyasına dəstək verdiyini, buna görə də ona təşəkkür etdiyini bildirib.

S. Sarkisyan isə dəvəti qəbul etdiyi üçün Gülə təşəkkürünü bildirib.
O deyib ki, Gül onu İstanbulda keçiriləcək Türkiyə-Ermənistan maçına dəvət edib. Bunu yaxşı bir başlanğıc olaraq dəyərləndirdiyini deyən Sarkisyan ölkəsi ilə Türkiyə arasındakı problemləri çözəcəklərini bildirib: “Bu problemləri biz həll edəcəyik, gələcək nəsillərə saxlamayacağıq”.
Daha sonra isə Gül Ermənistanda orucunu açıb və erməni həmkarı ilə birlikdə “Razdan” stadionunda Türkiyə-Ermənistan futbol yığmalarının oyununu izləməyə gedib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR