Üsamə bin Ladenin oğlu İspaniyadan siyasi sığınacaq istəyib

Üsamə bin Ladenin oğlu İspaniyadan siyasi sığınacaq istəyib
# 04 noyabr 2008 10:38 (UTC +04:00)
Madrid-APA. Üsamə bin Ladenin övladlarından 28 yaşlı Ömər İspaniya hökumətindən siyasi sığınacaq istəyib. APA-nın məlumatına görə, Ömər bu müraciəti dünən Madridin “Baraxas” aeroportunda edib. Qahirə-Kasablanka reysi isə uçan təyyarə Baraxas aeroportuna enərkən Ömər bin Laden gözləmə zalına girərək miqrasiya idarəsinə ərizə təqdim edib. Hazırda gözləmə zalında olan Ömər bin Laden İspaniya hökumətindən cavab gözləyir. Üsamə bin Ladenin 19 oğlundan biri olan Ömər bin Laden terror düşərgələrində təlim keçdiyini, lakin artıq atasının fəaliyyəti ilə heç bir əlaqəsi qalmadığını deyib. O, bundan əvvəl Böyük Britaniya hökumətindən siyasi sığınacaq istəsə də, rəsmi London onun xahişini rədd edib. Britaniya hökuməti öz qərarını mümkün ictimai narahatlıqlarla əlaqələndirib. Xatırladaq ki, Ömər bin Laden 52 yaşlı Britaniya vətəndaşı Ceyn Feliks-Braunla evlidir. Beş ay bir yerdə yaşayan cütlük təhlükəsizlik səbəbilə ayrılmağa məcbur qalıblar. Ömər bin Laden bu evlilikdən sonra hədə dolu mesajlar aldığını, bu səbəbdən yoldaşı ilə ayrı yaşamağa məcbur olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR