Almaniya "Şimal axını-2"nin sertifikatlaşdırılmasını dayandırıb

Almaniya "Şimal axını-2"nin sertifikatlaşdırılmasını dayandırıb
# 16 noyabr 2021 14:31 (UTC +04:00)

Almaniyanın enerji tənzimləyicisi (Bundesnetzagentur) "Şimal axını-2 AG" şirkətinin "Şimal axını-2" qaz kəmərinin müstəqil operatoru kimi sertifikatlaşdırılmasını dayandırıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Bundesnetzagentur bu barədə məlumat yayıb.

Bildirilib ki, İsveçrədə yerləşən konsorsiumun əməliyyat lisenziyası alması üçün əlavə şərtləri yerinə yetirməsi, Almaniya qanunlarına əsasən şirkət yaratması tələb olunur: "Bundesnetzagentur bu gün "Şimal axını-2 AG"nin müstəqil ötürmə operatoru kimi sertifikatlaşdırma prosedurunu dayandırıb. Sənədləri hərtərəfli araşdırdıqdan sonra Bundesnetzagentur belə qənaətə gəlib ki, "Şimal axını-2" boru kəmərinin operatorunun sertifikatlaşdırılması yalnız həmin operator Almaniya qanunlarına uyğun hüquqi formada təşkil olunarsa, mümkün olacaq".

Tənzimləyici əlavə edib ki, sertifikatlaşdırma prosesi ana şirkət kapital və işçi heyətini Almaniyanın törəmə müəssisəsinə köçürdükdən sonra bərpa olunacaq: "Sertifikatlaşdırma proseduru əsas aktivlər və insan resursları törəmə müəssisəyə köçürülənə və Bundesnetzagentur törəmə müəssisənin yeni ərizəçi kimi təqdim edəcəyi sənədləri yoxlayıb tamamlayacağı zamanadək dayandırılacaq. Bu tələblər yerinə yetirildikdə, Bundesnetzagentur qanunla müəyyən edilmiş dörd aylıq müddətin qalan hissəsində öz ekspertizasını davam etdirə, qərar layihəsi hazırlaya və rəy üçün Avropa Komissiyasına təqdim edə bilər".

Bundesnetzagentur həmçinin Almaniya Energetika Nazirliyi və Avropa Komissiyasının qərarla bağlı əvvəlcədən məlumatlandırıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR