Almaniyada güc strukturlarına qadınlar rəhbərlik edəcək

Almaniyada güc strukturlarına qadınlar rəhbərlik edəcək
# 06 dekabr 2021 14:23 (UTC +04:00)

Almaniya hökumətinin yeni kabinetinin siyahısı açıqlanıb.

APA-nın Almaniya mətbuatına istinadən verdiyi xəbərə görə, sol mərkəzçi Sosial Demokrat Partiyasından (SPD) olan yeni kansler Olaf Şolz kabinetin siyahısını açıqlayıb.

SPD-dən olan təmsilçilər yeni kabinetdə əsas postlara namizəd göstərilib.

COVID pandemiyası dövründə SPD-nin əsas fiquruna çevrilmiş həkim Karl Lauterbax səhiyyə naziri postuna təyin olunub. K. Lauterbax pandemiya ilə mübarizədə sərt tədbirlərin görülməsinə tərəfdardır.

Nensi Faezer Almaniyanın daxili işlər naziri postuna təyin olunub. O, bu posta təsdiqlənəcəyi halda N. Faezer ölkənin ilk qadın daxili işlər naziri olacaq. Merkel hökumətində ədliyyə və ailə məsələləri üzrə nazir olan Kristin Lambrext Müdafiə Nazirliyinə rəhbərlik edəcək. Əmək naziri postuna Hubertus Heil təyin olunub. Klara Geyvitz Tikinti Məsələləri üzrə Nazirliyə rəhbər təyin olunub. Svenja Şulz inkişaf naziri təyin olunub.

Qeyd edək ki, yeni qurulan koalisiya hökumətində digər postlara koalisiyada təmsil olunan partiyaların təmsilçilərinin namizədliyi daha əvvəl açıqlanmışdı. Belə ki, Yaşıllar Partiyasından Annalena Baerbok xarici işlər naziri postuna təyin olunub.

İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinə vitse-kansler Robert Habek, Ailə İşləri Nazirliyinə Enn Şpigel rəhbərlik edəcək. Ətraf Mühit Nazirliyinə Steffi Lemke, Kənd Təsərrüfatı Nazirliyinə isə Cem Özdemir rəhbərlik edəcək.

Koalisiyada olan Azad Demokratlar Partiyasından olan təmsilçilər isə maliyyə naziri (Kristian Lindner), nəqliyyat naziri (Volker Vissinq), ədliyyə naziri (Marko Buşman) və təhsil naziri (Bettina Stark-Vatzinger) postlarına namizəddir.

Qeyd edək ki, yeni kansler Olaf Şolzun əsas vədlərindən biri yeni kabinetdə bərabər sayda kişi və qadın nazirlərin olması idi ki, artıq bu, təmin olunur.

Dekabrın 4-də SPD partiyasının konfransında partiya Yaşıllar və Azad Demokratlar ilə birlikdə idarə edəcəkləri yeni koalisiya sazişini təsdiqləyib.
Yeni hökumət dekabrın 8-də and içəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR