Ankarada Nelson Mandelanın xatirə gecəsi keçirilib

Ankarada Nelson Mandelanın xatirə gecəsi keçirilib

© APA | Ankarada Nelson Mandelanın xatirə gecəsi keçirilib

# 04 dekabr 2021 00:09 (UTC +04:00)

Cənubi Afrika Respublikasının (CAR) Türkiyədəki səfirliyində ölkənin ilk qaradərili prezidenti Nelson Mandelanın xatirəsinə həsr olunmuş fotosərgi keçirilib.

APA-nın Ankara bürosunun xəbərinə görə, Ankaranın Cankaya Bələdiyyəsinin və CAR-ın Türkiyə və Azərbaycan üzrə səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Nelson Mandelanın vəfatının 8-ci ildönümünə həsr olunub.

CAR-ın Türkiyədəki səfiri Dıpuo Letsatsı-Duba bildirib ki, tədbirin məqsədi ölkəsinin 8-ci prezidenti olan Nelson Mandelanın dövlətçilik prinsipləri, insan hüquqları və miras qoyduğu dəyərləri, ənənələri yaşatmaq məqsədi daşıyır: “Nelson Mandelanın demokratiya, insanlıq, sülh, tolerantlıq, qanunların aliliyi, ədalət və insan hüquqları prinsipləri tək Cənubi Afrika üçün deyil, bütün dünyada tətbiq olunacaq dəyərlərdir. Biz də bu dəyərlərin dünyaya yayılması və tətbiqinin genişlənməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.

Səfir deyib ki, dekabrın 15-dək davam edəcək fotosərginin Türkiyə-Cənubi Afrika əlaqələrinin inkişafına dəstək olacağına ümid edir.
Qeyd edək ki, Dıpuo Letsatsı-Duba CAR-ın Türkiyədə yeni səfiri təyin olunub, dekabrın 1-də etimadnaməsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Dıpuo Letsatsı-Duba eyni zamanda CAR-ın Azərbaycanda yeni səfiri təyin olunduğu üçün yaxın zamanda Azərbaycan Prezidenti İlham Əliyevə də etimadnamə təqdim edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR