Avstriya XİN başçısı: "Biz Cənubi Qafqazı başqa aktorlara buraxa bilmərik"

Avstriya XİN başçısı: "Biz Cənubi Qafqazı başqa aktorlara buraxa bilmərik"
# 24 iyun 2021 21:29 (UTC +04:00)

"Cənubi Qafqazda sabitlik, sülh və rifah Aİ üçün çox vacibdir".

APA-nın xəbərinə görə, bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Cənubi Qafqaza səfər öncəsi Litva və Rumıniya XİN başçıları ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Avstriyanın XİN başçısı bildirib ki, Aİ-nin Ali Nümayəndəsinin mandatı əsasında reallaşan bu səfər ilk belə səfərdir.

"Bu səfər Aİ-nin Cənubi Qafqaza önəm verdiyinin ən yaxşı nümunəsidir. Bu region bizim yaxın qonşumuzdur. Bu regionda sabitlik, təhlükəsizlik və rifah Aİ üçün vacibdir. Çünki burada təhlükəsizlik rifah, sabitlik həm də Aİ üçün keçərlidir. Biz bu regiondakı proseslərdə iştirak etməli, əlaqədə olmalıyıq. Bizim burada marağımız var. Biz Cənubi Qafqazı başqa aktorlara buraxa bilmərik və bunu etməməliyik", - deyə Avstriya XİN başçısı vurğulayıb.

Şallenberq bildirib ki, ötən il baş verən müharibə göstərdi ki, bu regionda vəziyyət necə həssasdır: "Barışıq üçün addımlara baxmayaraq, kiçik bir qığılcım münaqişəni yenidən alovlandıra bilər.
Biz inanırıq ki, Aİ ATƏT kimi digər beynəlxalq institutlarla birgə sülhə töhfə verə bilər. Biz etimadın yaradılması və münaqişənin dayanıqlı və uzunmüddətli həllinə aparan siyasi prosesin başlamasına töhfə vermək istəyirik. Qarabağ yarası sağalmalıdır ki, sonra yenidən baş verməsin, yoxsa gələcəkdə biz daha böyük problemlərlə üzləşə bilərik".

Rumıniyanın xarici işlər naziri Boqdan Auresku deyib ki, uzunmüddətli münaqişələrin həllində Aİ-nin rolu və profili artırılmalıdır: "Bu münaqişələrin davam etməsi onun təsirinə məruz qalan dövlətlərin sabitliyi, təhlükəsizliyi və insanların fundamental hüquqlarından faydalanması imkanlarına mənfi təsir göstərir. Aİ öz qonşuluğunda təsirli olmasa, həqiqətən qlobal aktor kimi də çıxış edə bilməz. Bu bölgədəki dövlətlər arasında uzanan münaqişələr mövzusunda genişləndirilmiş qarşılıqlı fəaliyyətin stimullaşdırılması bizim hədəflərimiz arasındadır".

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis isə bildirib ki, onlar Aİ-nin adından aydın dəstək mesajı ilə regiona gedirlər: "Bu səfər üçün ən doğru zamandır. Müharibə bitsə də, hər şey tam həll olunmayıb. Biz bu ölkələrin liderləri ilə görüşərək həll yoluna, barışığa necə töhfə verə biləcəyimizi müzakirə edəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR