Gürcüstan azərbaycanlılarının soyad sonluğunun dəyişdirilməsi ilə bağlı imzatoplama kampaniyası başa çatıb

Gürcüstan azərbaycanlılarının soyad sonluğunun dəyişdirilməsi ilə bağlı imzatoplama kampaniyası başa çatıb
# 16 sentyabr 2021 18:17 (UTC +04:00)

Gürcüstan azərbaycanlılarının rus mənşəli soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı imzatoplama kampaniyası başa çatıb.

Bu barədə APA-nın Gürcüstan bürosuna “SALAM” platformasının üzvü Kamran Məmmədli məlumat verib.

O bildirib ki, platforma üzvləri və aktivist gənclərin səyi nəticəsində 45 gün ərzində Gürcüstanın 7 şəhər və 120 kəndində 25 mindən çox imza toplanmağa nail olunub.

Toplanan imzalar sentyabrın 20-də Gürcüstan parlamentinə təqdim ediləcək. Daha sonra parlament toplanan imzalar əsasında Gürcüstanda yaşayan milli azlıqlara soyad sonluqlarını dəyişdirmək hüququnun verilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə və səsverməyə çıxaracaq.

Qeyd edək ki, avqustun 2-də Gürcüstan parlamentinin komitə iclasında “SALAM” platformasının müvafiq qanun layihəsi təşəbbüsü müzakirə edilib. İclasda platformaya imzatoplama kampaniyasının həyata keçirilməsi üçün xüsusi blankların verilməsi barədə qərar qəbul edilib.

Xatırladaq ki, Gürcüstanın yerli qanunvericiliyi milli azlıqlara soyad sonluqlarını tarixən mövcud olmuş milli sonluqlarla əvəz etməyə imkan vermir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR