Hayko Maas: "Almaniya Kabildən 500 nəfəri təxliyə edib"

Hayko Maas

© APA | Hayko Maas

# 18 avqust 2021 23:11 (UTC +04:00)

Ötən həftənin bazar günündən bəri Almaniya Kabildən 500 nəfəri təxliyə edib.

APA-nın xəbərinə görə, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas deyib.

O bildirib ki, təxliyə olunanlar arasında 200 nəfərdən çoxu Əfqanıstan vətəndaşıdır.

"Biz beynəlxalq tərəfdaşlarımızla birlikdə havadan təxliyə prosesini təşkil edirik prosesin davam etməsi üçün əlimizdən gələni edirik. Bu acı anı Əfqanıstanı dəstəkləmək üçün yaxından əməkdaşlıq etdiyimiz tərəfdaşlarımızla paylaşırıq. Hamımız baş verənləri, prosesi düzgün görə bilməmişik və buna görə də indi eyni suallarla üzləşirik. Aİ, G7 və BMT səviyyəsində koordinasiyanın saxlanılması irəliləyiş üçün vacibdir", Almaniya XİN başçısı vurğulayıb.

Nazir əlavə edib ki, Əfqanıstanda insan hüquqları, eləcə də incəsənət və akademik sahədə azadlıq uğrunda mübarizə aparan əfqanlar üçün 10 milyon avroluq yardım fondu qurulur.

"Mövcud müdafiə proqramları və imkanlar praqmatik bir şəkildə genişləndiriləcək və tamamlanacaq", deyə Hayko Maas bildirib.

Qeyd edək ki, avqustun 15-də "Taliban" paytaxt Kabilə girib, Prezident Əşrəf Qani istefa verərək ölkədən qaçıb. Müxtəlif ölkələr Əfqanıstandakı vətəndaşlarını və xarici missiyalarla əməkdaşlıq etmiş əfqanları ölkədən təxliyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR