Millət vəkili: “Azərbaycanın xilasedici yanğınsöndürən komandası Türkiyədə yanğınla çox uğurla mübarizə aparır”

Millət vəkili: “Azərbaycanın xilasedici yanğınsöndürən komandası Türkiyədə yanğınla çox uğurla mübarizə aparır”
# 02 avqust 2021 17:11 (UTC +04:00)

“Dost və qardaş Azərbaycan dövlətini, hökumətini və Azərbaycanın yanğınsöndürmə qrupunu yanımızda görəndə çox məmnun olduq”.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Muğla millət vəkili Yelda Erol Gökçan APA-nın yerli bürosuna açıqlamasında bildirib.

Xanım millət vəkili xüsusilə son dövrdə Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək səviyyəyə çatdığını vurğulayıb: “Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına Azərbaycan Prezidenti Cənab İlham Əliyevlə Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın düzgün siyasi fəaliyyəti səbəb olub”.

Muğlada mütəmadi yanğın ərazilərinə baş çəkdiyini bildirən millət vəkili orada Azərbaycana məxsus qrupların da yanğınla necə mübarizə apardıqlarına şahid olduğunu deyib: “Ölkəmizin bir çox bölgəsində eyni vaxtda başlayan yanğınlarla mübarizədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qrupları iştirak edir. Azərbaycanın xilasedici yanğınsöndürən komandası yanğınla ürəklə, canı bahasına və çox uğurla mübarizə aparır”.

Yelda Erol Gökçan onu da qeyd edib ki, Türkiyədə yanğınların qarısının qısa zamanda alınacağına inanır: “Biz Türkiyə olaraq güclü dövlətik. Dövlətimiz bütün qurum və təşkilatları ilə yanğın bölgəsinə səfərbər olunub. Hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın koordinasiyası ilə yanğınla fasiləsiz mübarizəmiz, yanan yerləri ən qısa zamanda bərpa etmək üçün çalışmalarımız davam etməkdədir. Bu ağır günlərdə Azərbaycan xalqının türkiyəli qardaşları ilə qəlbinin bir vurduğuna, bu hadisələrdən narahatlıq keçirdiyinə inanırıq. Əmin olsunlar ki, heç bir vətəndaşımızı çətin vəziyyətdə qoymadan, onların yaralarını sarıyacağıq. Bizə sonsuz dəstəyinə görə Azərbaycan Prezidenti Cənab İlham Əliyevə və qardaş Azərbaycan xalqına ürəkdən təşəkkürümüzü bildiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR