Mövlud Çavuşoğlu: "Bəzi vətəndaşlarımızın Əfqanıstandan təxliyəsi "Taliban"ın dəstəyilə mümkün oldu"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

© APA | Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

# 29 avqust 2021 21:42 (UTC +04:00)

"Türkiyə Kabildən təxliyələri hərbi təyyarə ilə etdi, xüsusilə Kabil və İslamabad arasında bu, icra olundu, oradan isə Türk Hava Yollarının təyyarələri ilə bu proses baş tutdu".

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyədə səfərdə olan Almaniyanın xarici işlər naziri Hayko Maasla Antalyada keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Əfqanıstandan təxliyələrin böyük qisminin hava yolu ilə həyata keçirildiyini deyən M.Çavuşoğlu bəzi ölkələrin bunu birbaşa, bəzilərinin isə qonşu və ya bölgədəki ölkələr üzərindən reallaşdırdığını qeyd edib: "Bu məsələdə Türkiyəyə dəstək verən qonşu ölkələrə təşəkkür edirik. Tacikistan və Özbəkistan bu prosesdə bizlərlə və digər ölkələrlə əməkdaşlıq etdi".

Nazir deyib ki, təxliyə prosesinin quru yolla icrası da mümkündür, lakin sərhəd xəttinə qədər təhlükəsizlik dəstəyi lazımdır: "Eyni zamanda, sərhəd xəttindən keçiddə də "Taliban"la və ya orada kim mövqe tutubsa o qüvvələrlə danışıqlara gedilməlidir. Biz hava limanına yaxın düşə bilməyən vətəndaşlarımızı başqa bir bölgədə avtobuslarla hava limanına gətirdik və bu işdə "Taliban"dan dəstək gördük. Yəni belə bir dəstək olacağı halda quru yolla da təxliyə mümkün ola bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR