NATO Baş katibi: "Minsk "Ryanair" ilə bağlı qərarını Moskva ilə koordinasiya edərək verib"

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 28 may 2021 16:00 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq Belarus səlahiyyətlilərinin “Ryanair” aviaşirkətinə məxsus təyyarənin Minskə endirilməsi qərarını Moskva ilə koordinasiya edərək verə biləcəyini deyib.

APA-nın xəbərinə görə, bu barədə NATO Baş katibi "Sky News"a bildirib.

“Biz Rusiya və Belarus arasında mövcud olan çox yaxın münasibətləri bilirik. Elə bu səbəbdən Minskdəki rejimin Rusiya ilə koordinasiya etmədən belə bir addım atacağına inanmaq çətindir”, - deyə NATO Baş katibi vurğulayıb.

Qeyd edək ki, mayın 23-də Afinadan Vilnüsə uçan, İrlandiyanın “Ryanair” aviaşirkətinə məxsus təyyarə göyərtəsində mina olması barədə məlumatla əlaqədar Minskə təcili eniş edib. Sonradan məlumatın yalan olduğu üzə çıxıb. Belarusdan olan hüquq müdafiəçiləri bildirib ki, Minskə eniş edən təyyarədə “Nexta” Telegram-kanalının təsisçisi Roman Protaseviç də olub. Təyyarədə aparılan pasport yoxlaması zamanı o saxlanılıb. R. Protaseviç barəsində Belarus hüquq-mühafizə orqanları tərəfindən bir neçə maddə üzrə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR