Norveçdə ox və yayla 5 nəfəri öldürən şəxslə bağlı ilkin məlumat yayılıb - YENİLƏNİB-2

Norveçdə ox və yayla 5 nəfəri öldürən şəxslə bağlı ilkin məlumat yayılıb - YENİLƏNİB-2
# 14 oktyabr 2021 08:02 (UTC +04:00)

Norveçin Konqsberq şəhərində yay və oxla insanlara hücum etməkdə şübhəli bilinən şəxs 37 yaşlı Danimarka vətəndaşıdır və ona qarşı artıq ittiham irəli sürülüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polisindən bildirilib.

“Çərşənbə axşamı Konqsberqin mərkəzində beş nəfəri öldürdükdən və iki nəfəri yaraladıqdan sonra 37 yaşlı bir kişi tutulub və ona qarşı ittiham elan olunub. Həmin şəxs Danimarka vətəndaşıdır, ancaq Konqsberqdə yaşayır”, - deyə yerli polisin məlumatda qeyd olunub.

***

Saat 02:22

Norveçdə silahlı şəxsin hücumu nəticəsində 5 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “Verdens Gang” qəzeti yerli polis nümayəndəsinə istinadən yazıb.

“Beş nəfərin öldüyünü, iki nəfərin yaralandığını, yaralılardan birinin polis əməkdaşı olduğunu təsdiqləyə bilərəm”, - deyə polis nümayəndəsi Eyvind Aas mətbuat konfransında qeyd edib.

***

Saat 01:03

Norveçdə naməlum şəxsin hücumu nəticəsində azı 4 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Verdens Gang” qəzeti mənbələrə istinadən yazıb.

Eyni zamanda, yerli polis nümayəndəsi Eyvind Aas mətbuat konfransında ölənlərin dəqiq sayını açıqlamaqdan çəkinib. Onun sözlərinə görə, “yalnız yaralıların və ölənlərin olduğu məlumdur”. O qeyd edib ki, insident mağazaların çox, insanların sıx olduğu yerdə baş verib.

Polis nümayəndəsi hadisədə terror aktı versiyasının istisna edilmədiyini də vurğulayıb. Məlum olub ki, cinayətkar hadisəni törətdiyi şəhərin bir çox yerlərində olub.

Cinayətkar şəxs hadisə yerinin yaxınlığında saxlanılıb.

***

Saat 23:41

Norveçin Konqsberq şəhərində naməlum şəxs bir neçə nəfəri öldürüb.

APA xəbər verir ki, bu barədə “VG” qəzeti polisə istinadən yazıb. Bildirilir ki, cinayətkar şəxs qurbanlarını ox və yayla vurub.

“Bu hadisələr nəticəsində bir neçə yaralı və bir neçə ölən var”, - deyə cənub-şərq polis dairəsinin rəhbəri Eyvind Aas bildirib.

Şübhəli şəxs saxlanılaraq nəzarətə götürülüb. Onun haqqında hələlik başqa məlumat yoxdur. Cinayətkarın təkbaşına hərəkət etdiyi deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR