"Pandemiyadan sonrakı bərpa prosesindən istifadə edərək iqtisadiyyatımızın əsaslarını yenidən düşünməliyik" - Məqalə

Alok Şarma

© APA | Alok Şarma

# 05 iyun 2021 15:00 (UTC +04:00)

"COVID-19-dan sonrakı bərpa prosesindən istifadə edərək iqtisadiyyatımızın əsaslarını yenidən düşünməli, yaşıl iş yerləri və təmiz hava ilə daha yaxşı gələcək qurmaq və planetimizə zərər vermədən rifahı artırmaq naminə çalışmalıyıq."

Bu fikirlər Böyük Britaniyanın COP26 üzrə Prezidenti Alok Şarmanın məqaləsində yer alıb. APA məqaləni təqdim edir:

Cari ilin noyabr ayında Birləşmiş Krallıq İqlim Dəyişikliyi üzrə BMT-nin 26-cı Konfransı olan COP26 çərçivəsində Qlazqo şəhərində dünya ölkələrinin rəhbərlərini qəbul edəcək. Konfrans, dünya ictimaiyyətini qlobal iqlim dəyişikliyi təhlükəsi ilə mübarizə aparmaq və hər birimiz üçün daha təmiz və firavan gələcək qurmağa çağırış etmək üçün əhəmiyyətli andır.

Nə etməli olduğumuzu çox yaxşı bilirik, çünki əldə etmək istədiklərimiz barədə artıq razılığa gəlmişik. 2015-ci ildə dünya ölkələri Paris Sazişinə - iqlim böhranından çıxmaq üçün beynəlxalq müqaviləyə imza atdı. Saziş bizi qlobal istiləşmənin artımını 2 dərəcədən aşağı saxlamaqla, 1,5 dərəcə hədəfinə çatmağa məcbur edir, çünki elmi dairələr yalnız bu halda iqlim dəyişikliyinin ən mənfi təsirlərindən qoruna biləcəyimizi qeyd edirlər.

Lakin, o vaxtdan bəri dünya kifayət qədər iş görməyib və nəticədə, planetimizdə temperatur davamlı şəkildə artmaqdadır. COP26-nın təyin olunmuş Prezidenti kimi, iqlim dəyişikliyinin bir sıra təsirlərinin şəxsən şahidi olmuşam: buzlaqların əriməsi, kənd təsərrüfatı məhsullarının itkisi, sərt quraqlıq. Heç bir dəyişliklik etməsək, bu təsirlər daha da kəskinləşəcək və bu proses çox sürətlə inkişaf edəcək.

İstiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün yaxın on il, yəni 2030-cu ilədək qlobal emissiyaları yarıbayarı azaltmalıyıq. COVID-19-dan sonrakı bərpa prosesindən istifadə edərək iqtisadiyyatımızın əsaslarını yenidən düşünməli, yaşıl iş yerləri və təmiz hava ilə daha yaxşı gələcək qurmaq və planetimizə zərər vermədən rifahı artırmaq naminə çalışmalıyıq.

Məhz bu səbəbdən Qlazqo şəhərində Birləşmiş Millətlər Təşkilatının növbəti COP26 İqlim Konfransı xüsusi əhəmiyyət kəsb edir. Bu tədbir hər bir ölkənin və cəmiyyətin hər bir hissəsinin dəyərli planetimizi qorumaq və 1,5 dərəcə hədəfi naminə məsuliyyətini dərk etmək üçün öhdəlik götürməli olduğu an olmalıdır. Bunu dörd əsas məqsədə uyğun olaraq həyata keçirməliyik.

Birincisi, dünya ölkələri emissiyanın azaldılması üzrə ambisiyalı hədəflərini mümkün qədər tez təyin etməlidir. Sözügedən hədəflər XXI əsrin ortalarında sıfır emissiya hədəfinə uyğun olmalı və elmi dəlillərə əsaslanmalıdır ki, sıfır emissiya təşəbbüsləri yalnız ümumi niyyətlər deyil, konkret planlara çevrilsin.

Eyni zamanda, ətraf mühiti ən çox çirkləndirən sektorlara münasibətdə də tədbirlər görülməlidir. Əgər 1,5 dərəcə hədəfinə ciddi yanaşırıqsa, o zaman təmiz enerjiyə və nəqliyyata qlobal səviyyədə keçidi sürətləndirməliyik. Bu çərçivədə biz inkişaf etməkdə olan ölkələrin təmiz enerjiyə keçidlərini dəstəkləmək üçün onlarla sıx əməkdaşlığımızı davam etdiririk.

İkinci məqsədimiz insanları və təbiəti daha təsirli və dayanıqlı adaptasiya tədbirləri ilə iqlim dəyişikliyinin ən pis təsirlərindən qorumaqdır. İtki və zərərlərin qarşısını almaq, minimuma endirmək və aradan qaldırmaq üçün adaptasiya fəaliyyətini genişləndirmək və gücləndirmək məqsədilə ölkələri Adaptasiya Fəaliyyəti Koalisiyasına qoşulmağa çağırırıq.

Üçüncü məqsədimiz qarşımızda duran vəzifəni demək olar ki, mümkünsüz edə biləcək gücə malik maliyyə vəsaitlərinin mövcudluğudur. İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün öhdələrinə götürdükləri illik 100 milyard dollar vəsaiti ayırmalıdır. 2021 - 2025 arasında 11,6 milyard funt sterlinq ayırmaqla, Birləşmiş Krallıq bu baxımdan nümunəvi addım atıb.

Dördüncüsü, bu məqsədlərə çatmaq üçün birlikdə çalışmalıyıq. Buraya Qlazqo danışıqlarının uğurlu olmasını təmin etmək üçün hökumətlər arasında konsensusun əldə olunması daxildir. Bundan əlavə, COP26 hədəflərimizi reallaşdırmağa və mühüm sektorlarda beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə biznes və vətəndaş cəmiyyətini cəlb etmək tələb olunur.

Bütün ölkələri bu məqsədlərə çatmaq üçün səylərini artırmağa çağırıram, çünki COP26 konfransı 1,5 dərəcə hədəfimizi təmin etmək üçün son ümidimiz, daha firavan gələcək, yəni yaşıl işlərdən və təmiz havadan ibarət gələcəyi qurmaq üçün isə ən yaxşı fürsətimizdir.

Hərəkətə keçmək üçün məqam yetişib. İkinci şans olmayacaq. Gəlin, bu addımı birlikdə ataq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR