Rusiya və Türkiyə prezidentləri Qarabağı müzakirə ediblər - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin

# 25 iyun 2021 04:04 (UTC +04:00)

Ərdoğan Putinlə söhbətində ermənilərin Şuşada törətdiyi dağıntılardan bəhs edib

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Prezident Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında olan telefon danışığı haqqında məlumat yayıb.

APA-nın Türkiyə bürosunun quruma istinadla verdiyi məlumata görə, iki lider Türkiyə-Rusiya münasibətləri və regional inkişaflar barədə müzakirələr aparıblar.

30 iyulda Moskvada keçirilməsi planlaşdırılan Birgə İqtisadi Komissiyanın iclasında Türkiyə ilə Rusiya arasında 100 milyard dollarlıq ticarət həcminə çatmaq üçün atılacaq addımlar müzakirə edilib.

Şuşaya səfəri zamanı ermənilərin regionda yaratdıı dağıntılara şəxsən şahid olduğunu bildirən Prezident Ərdoğan Ermənistanın hazırda sülh və əməkdaşlığa diqqət yetirməli olduğunu və Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Prezident Ərdoğan Suriya mövzusuna və PKK/YPG-nin Afrindəki bir xəstəxananı hədəf almasına diqqət çəkərək terror hücumlarının artdığını və bölgədəki terrorçuıarın ciddi təhlükə yaratdığını qeyd edib.

***

Saat 20:36

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, telefon danışığı zamanı Rusiya və Türkiyə liderləri Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətinə müsbət qiymət verilib.

Türkiyə Prezidenti Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsini təmin etmək üçün Rusiyanın səylərini dəstəklədiyini bildirib. İqtisadi inkişaf və regionun nəqliyyat infrastrukturunun bərpası maraqları daxil olmaqla koordinasiyanı davam etdirməyə qarşılıqlı hazırlıq ifadə olunub.

Putin və Ərdoğan müxtəlif sahələrdə Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə uçuşları bərpa etmək qərarına, eləcə də, "Sputnik V" peyvəndinin tədarükünə başladığına görə Rusiya tərəfinə təşəkkür edib.

Telefon danışığı zamanı Suriyadakı məskunlaşma məsələləri nəzərdən keçirilərkən, İdlibdə və ölkənin şimal-şərqində gərginliyin artmasının qarşısını almaq və bu ərazilərdə qalan terror qruplarına qarşı mübarizə məqsədi ilə Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyətlərinin vacibliyi vurğulanıb.

Vladimir Putin Cenevrədə ABŞ Prezidenti Co Baydenlə aparılan danışıqlarla bağlı təəssüratlarını Türkiyə lideri ilə bölüşüb.

Söhbət əsnasında, həmçinin şəxsi təmasların və digər səviyyələrdə birgə işlərin davam etdirilməsi barədə razılığa əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR