Saakaşvilinin məhkəməsi keçirilib - FOTO - YENİLƏNİB-1

Mixeil Saakaşvili

© APA | Mixeil Saakaşvili

# 29 noyabr 2021 18:03 (UTC +04:00)

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin cinayət işi üzrə keçirilən məhkəmə iclası başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, M. Saakaşvilinin vəkili Beka Basilaia iclasdan sonra jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmə Prezidentin həbsxanada telefonla danışmaq hüququnu bərpa etməyib.

Sabiq Prezidentin digər vəkili Dmitri Sadzaqlişvili isə qeyd edib ki, müdafiə tərəfi məhkəməni bitərəf orqan kimi qəbul etmir və bu baxımdan təqdim edilən arqumentlərə görə müsbət nəticə əldə ediləcəyini gözləmir. D. Sadzaqlişvili vurğulayıb ki, bugünkü məhkəmə dinləməsinin önəmi sabiq Prezidentin xalqa müraciət üçün fürsət əldə etməsidir.

Qeyd edək ki, M. Saakaşvili çıxış etdikdən sonra səhhəti ilə bağlı məhkəmə iclasında sona qədər iştirak edə bilməyib və müalicə aldığı Qori Hərbi Xəstəxanasına geri qaytarılıb. İclas zamanı dövlət ittihamçıları ilə müdafiə tərəfinin vəkilləri arasında bir neçə dəfə sözlü qarşıdurma da yaranıb. 3 hakimdən ibarət panel M. Saakaşvilinin məhkəməsinin növbəti dinləməsini 23 dekabr saat 11:00-a təyin edib.

***

saat 12:00

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin “7 noyabr” işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, iclasa siyasətçilər, ictimai fəallar və media nümayəndələri buraxılmayıb.

Müdafiə tərəfindən vəkillərlə yanaşı M. Saakaşvilinin anası Qiuli Alasanianın məhkəmə iclasında iştirakına icazə verilib. M. Saakaşvilinin vəkillərinin iclasın yerli telekanallar vasitəsilə canlı yayımlanması tələbi qəbul edilməyib. Ümumilikdə 5 ayrı iş üzrə ittiham edilən sabiq Prezident M. Saakaşvilinin öz məhkəməsində iştirakına ilk dəfə icazə verilir.

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan M. Saakaşvilinin səhhətinin yaxşılaşmasından və onun məhkəmədə iştirakına icazə verilməsindən məmnun olduğunu qeyd edib. Diplomat sabiq Prezidentin məhkəmənin ətrafına toplanmış tərəfdarlarını ədliyyə prosesinə mane olmamağa, aksiyanı dinc şəkildə keçirməyə çağırıb.

Artıq M. Saakaşvilinin tərəfdarlarının məhkəmə binasına gedən bəzi yolları bağladığı və avtomobillərin hərəkətini məhdudlaşdırdığı bildirilir.

Qeyd edək ki, Gürcüstana qeyri-qanuni yollarla qayıtmış M. Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib. O, 50 gün boyunca keçirdiyi aclıq aksiyası nəticəsində səhhətində yaranmış problemlərlə əlaqədar müalicə alması üçün noyabrın 20-də Qori Hərbi Xəstəxanasına köçürülüb.

***

saat 10:32

Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili bu gün "7 noyabr" işi üzrə Tbilisi Şəhər Məhkəməsində keçiriləcək məhkəmə iclasında iştirak edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Xüsusi Penitensiar Xidmət məlumat yayıb.

Artıq sabiq Prezident hazırda müalicə aldığı Qori Hərbi Xəstəxanasından Xüsusi Penitensiar Xidmətə məxsus avtomobil karvanı ilə Tbilisi Şəhər Məhkəməsinə aparılıb.

Məhkəmə prosesi ilə əlaqədar binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, məhkəmə binasının daxili və xaricinə çox sayda polis və su şırnağı maşını cəlb edilib. İclasla əlaqədar sabiq Prezidentin çox sayda tərəfdarı da məhkəmə binasının ətrafına toplaşıb.

Qeyd edək ki, M. Saakşavili 7 noyabr 2007-ci ildə hökumət əleyhinə etiraz aksiyasını zorakılıqla dağıtmaqda, İmedi TV-yə basqın təşkil etməkdə və milyarder Badri Patarkatsişviliyə məxsus əmlakı qanunsuz ələ keçirməkdə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR