Tanınmış gürcü şahmatçı "Netflix"i məhkəməyə verib

Nona Qaprindaşvili

© APA | Nona Qaprindaşvili

# 07 dekabr 2021 12:09 (UTC +04:00)

Yanvarın 16-da ABŞ-ın Kaliforniya ştatında dünyaca məşhur şahmatçı Nona Qaprindaşvilinin “Kraliçanın gedişi” (“The Queen’s Gambit”) serialında səsləndirilmiş fikirlərə görə “Netflix”ə qarşı açdığı məhkəmə işinin şifahi dinləmələri keçiriləcək.

APA-nın yerli bürosunun Gürcüstanın İctimai telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə gürcü şahmatçının vəkili Maya Mtsariaşvili bildirib.

Onun sözlərinə görə, ittiham tərəfi iki hüquqi əsasla məhkəmə iclasında iştirak edəcək.

Vəkil Maya Mtsariaşvili qeyd edib ki, “Netflix” iddiaya xitam verilməsi üçün artıq məhkəməyə müraciət edib. Belə ki, müdafiə tərəfi məntiqli tamaşaçının serialda Nona Qaprindaşvili ilə bağlı səsləndirilmiş fikirləri faktaraşdırıcı sözlər kimi qəbul etməyəcəyini əsas gətirib. Maya Mtsariaşvili “Netflix”in bu addımının onlar üçün gözlənilən olduğunu qeyd edib.

Xatırladaq ki, bu ilin sentyabrında “New York Times” qəzeti gürcü şahmatçı Nona Qaprindaşvilinin “Netflix”i məhkəməyə verməsi barədə məlumat paylaşıb. Buna səbəb platformada yayımlanmış “Kraliçanın gedişi” serialında Nona Qaprindaşvilinin karyera nailiyyətləri, həmçinin milli kimliyi ilə bağlı yalan məlumatların ötürülməsidir. Belə ki, 1968-ci ildə baş verən hadisələrin təsvir edildiyi serialda Nona Qaprindaşvilinin heç vaxt kişi şahmatçılarla oynamayan rus şahmatçı olması ilə bağlı fikir səsləndirilib. Müdafiə tərəfinin sözlərinə görə, həmin vaxtadək N. Qaprindaşvili artıq 50-dən çox kişi şahmatçı ilə görüş keçiribmiş.

İddia ərizəsində həmçinin qeyd edilib ki, Gürcüstanın Rusiyanın təcavüzünə məruz qaldığı bir vaxtda Nona Qaprindaşvili özünün rus şahmatçı kimi təqdim edilməsini təhqir hesab edir.

Qeyd edək ki, N. Qaprindaşvili dəyən ziyana görə “Netflix”dən 5 milyon dollar təzminat tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR