Türkiyədə beynəlxalq türkcəyə həsr olunmiş simpozium keçirilir - FOTO

Türkiyədə beynəlxalq türkcəyə həsr olunmiş simpozium keçirilir - FOTO
# 12 iyul 2021 14:25 (UTC +04:00)

Ankarada Yunus Əmrənin vəfatının 700-cü ildönümü ilə əlaqədar beynəlxalq türkcəyə həsr olunmuş simpozium keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbirin açılış nitqində Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gülsevin 2021-ci ilin Türkiyədə Yunus Əmrə ilinin elan edilməsilə bağlı qurumun nəzdində görülən işlərdən danışıb. Onun sözlərinə görə, qurumun nəzdinə türkcə ilə bağlı 38 təkrar, 66 yeni nəşr hazırlanıb, qurumun kitabxanasına 3 min 150 yeni əsər təqdim olunub ki, bunlardan 60-ı əlyazmalardır.

“Türkiyə türkcəsi və ağız atlası” layihəsi üzərində işləndiyini deyən G.Gürsevin Türkcə ilə əlaqədar 6 min yaşayış yerlərində aparılan araşdırmalar əsasında 200-ə qədər xəritə hazırlanacağını vurğulayıb.

G.Gülsevin onu da bildirib ki, 30 illik fəaliyyət nəticəsində 1 milyon 200 min sözdən ibarət “Türkiyə türkcəsinin tarixi” lüğətinin bir hissəsi bu ilin sonuna qədər təhvil veriləcək.

Professor Müasir türk yazı dilləri elm qurumunun “Türkiyə türkcəsilə qarşılıqlı olaraq Azərbaycan, qazax, qırğız, türkmən, özbək, tatar türkcələrində danışma” layihəsinın də sentyabr ayında keçiriləcək dil bayramına tamamlanacağını qeyd edib.

Yunus Əmrə İnstitutunun rəhbəri professor Şeref Ateş Yunus Əmrə yaradıcılığından danışıb. Bildirib ki, Yunus Əmrənin sözləri xalqın içindən çıxan bu alimin türk dilini estetik və yüksək səviyyəyə gətirib çıxarıb.

Tədbirdə 100 yaşlı dilci professor Zeynep Korkmaz, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alparslan da türk dili və inkişafı ilə bağlı çıxışlar ediblər.

Tədbirdə professor Nizami Cəfərov da çıxış edərək bildirib ki, türkcənin arxasında böyük güc dayandığı üçün türk dili daha da inkişaf edəcək: “Atatürkün danışdığı türkcəni bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya miqyasında çox gözəl danışır. Əgər bizim dövlət başçılarımız türkçə gözəl danışırsa, türkcəmiz mütləq dünya dillərindən biri olacaq, çünki bunun arxasında türk dünyasının böyük gücü dayanır. Böyük güc olmayan yerdə də dilimizin inkişafı çətin olardı”.

Qeyd edək ki, 3 gün davam edəcək beynəlxalq konfrans Türkiyə Respublikasının başçılığı ilə Beynəlxalq Türk Kültür Təşkilatı (TÜRKSOY), Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Atatürk Kültür, Dil və Tarix Qurumu, Türk Dili Qurumunun təşkilatçılığı ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR