Türkiyənin Ali Təhsil Şurasının sədri: "Universitetlər oktyabrın əvvəlindən yeni tədris ilinə açılacaq"

Türkiyənin Ali Təhsil Şurasının sədri: "Universitetlər oktyabrın əvvəlindən yeni tədris ilinə açılacaq"
# 02 sentyabr 2021 23:12 (UTC +04:00)

"Ali məktəblərdə 2021-2022-ci tədris ili il yarımdan sonra əyani təhsil formasında fəaliyyətə başlayacaq".

APA-nın yerli bürosunun xəbərinə görə, Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar Türkiyənin səhiyyə naziri, təhsil naziri və Elmi Şura ilə birgə keçirilən iclasdan sonrakı açıqlamasında bildirib.

YÖK sədri deyib ki, 2021-2022-ci akademik təhsil ilinin oktyabr ayının əvvəlindən açılması nəzərdə tutulub: "Cənab Prezidentimizin də iştirakı ilə ümumi bir açılış baş tutacaq".

E.Özvar deyib ki, YÖK universitetlərdə təlim-tədris ilini əyani şəkildə davam etdirmək üçün koronavirusla mübarizədə profilaktik tədbirlərə düzgün əməl edilməsinin tərəfdarıdır: "Tələbələrimizi və ailələrini qorumaq üçün bütün tədbirləri görərək təhsilə ara vermədən qarşıdakı tədris ilini qarşılayacağıq. Universitetlərimiz hansı dərsləri əyani, hansını onlayn keçirəcəyini öncədən müəyyənləşdirib".

Sədr bu gündən etibarən tələbələrin yerləşdiriləcəyi düşərgə və yurd yerlərində bütün lazımi profilaktik tədbirlərin görüldüyünü deyib: "İndiyədək tələbələrimizin təhsil müddətində yaşadıqları universitet düşərgələri heç zaman bağlanmadı, hər zaman açıq oldu və müvafiq gigiyenik tədbirlər görüldü, bu tədbirlər davamlı olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR