“Türkiyənin müxtəlif yerlərində eyni zamanda baş verən yanğınlar, təsadüfi hesab edilə bilməz. Xüsusilə paytaxt Ankarada Polatlıdakı hərbi bölgəni yandırmağa cəhdə görə bu gün həbs edilən PKK şübhəlisi təbii olaraq yanğın hadisələrinin təxribat olması ehtimalını artırır”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyədə təhlükəsizlik üzrə hərbi ekspert, Bahçeşehir Universitetinin müəllimi Abdullah Ağar APA-ya açıqlamasında bildirib.
Ekspert deyib ki, keçmişdə özlərini PKK terror təşkilatının "Atəşin uşaqları təşəbbüskarları” adlandıran meşə yandıranlar qrupunun, eləcə də digər terror təşkilatlarının meşə yanğınlarını törətməsi faktları olub: “O qatillər Türkiyənin müxtəlif yerlərində müxtəlif zamanlarda meşə yanğınları törədiblər. Rəsmi açıqlama olmasa da indi baş verən hadisələr də buna bənzəyir. Yanğın hadisəsinin həm də Türkiyə üçün ümid olacaq bir gündə, Qara dənizdə kəşf edilən təbii qazın ”Türkali-2” quyusunda həyata keçirilən ilk axını sınağının uğurla başa çatdığı elan olunduğu vaxtda baş verməsi də şübhələri təsdiqləyir”.
Rəsmi açıqlamanın olmamasının səbəbini ekspert bu məsələyə dövlətin çox həssas yanaşması ilə əlaqələndirib: “Çünki terror təşkilatları bu vəziyyətdə öncədən də istifadə etdiyi texniki və taktiki şəkildə cəmiyyətdəki qütbləşməni artıra bilər ki, dövlət də buna haqlı olaraq ehtiyatla yanaşır. Siyasi anlamda cəbhələşmə və sosial mediadada meşə yanğınlarından sui-istifadə olunmasını da görürük. Odur ki, indiki gərgin durumdan terror təşkilatlarının faydalanmasına fürsəti verməmək lazımdır. Onsuz da bunu həyata keçirən terror təşkilatlarının da məqsədi odur ki, cəmiyyətdə qorxu, dəhşət yaratsınlar, özlərinin mövcudluğunu qabartmaqla cəmiyyətin inamını, əzmini qırsınlar”.
A.Ağar təkcə ekoloji terroru törədən terror təşkilatlarına deyil, həmən təşkilatların arxasında bir neçə dövlətin dayanmasına da diqqət çəkib: “Terrorla mübarizənin bir yolu da onlara göstərilən qlobal dəstəyin kəsilməsidir”.
Ekspert bildirib ki, hazırkı şəraitdə cəmiyyətin məlumatlanmasına, birlik və bərabərliyə ehtiyac var: “Bu cür terror aktları ilə cəmiyyətdə var olan gərginliyə terror təşkilatlarının sui-istifadə etməsinə imkan verməmək gərəkdir. Digər bir məsələ də bundan siyasi məqsədlər üçün istifadə olunmasına fürsət verilməməsidir. Terrorçularla və terrora baş əyənlərlə edənlərlə qarşı-qarşıya qalsaq da, bu təhdidə qarşı siyasi mövqeyimizdən asılı olmayaraq birlikdəlik nümayiş etdirməyimiz lazımdır”.