Ukrayna Belarusla aviaəlaqələri dayandırır

Ukrayna Belarusla aviaəlaqələri dayandırır

© APA | Denis Şmıqal

# 25 may 2021 11:05 (UTC +04:00)

Ukrayna Belarusla aviaəlaqələri mayın 26-dan dayandırır.

APA-nın məlumatına görə, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, Ukrayna aviaşirkətlərinə və təyyarələrinə mayın 26-dan Belarusun hava məkanından uçuşlar qadağan edilib.

 

D. Şmıqal əlavə edib ki, Ukrayna Nazirlər Kabineti “Ryanair” aviaşirkətinə məxsus təyyarənin Minskə eniş etməsi ilə bağlı insidenti qiymətləndirib və bunu Beynəlxalq Mülki Aviasiyaya dair Konvensiyasının pozulması hesab edir.

Qeyd edək ki, mayın 23-də Afinadan Vilnüsə uçan, İrlandiyanın “Ryanair” aviaşirkətinə məxsus təyyarə göyərtəsində mina olması barədə məlumatla əlaqədar Minskə təcili eniş edib. Sonra məlum olub ki, məlumat yalanmış.

Belarusdan olan hüquq müdafiəçiləri bildirib ki, Minskə eniş edən təyyarədə “Mexta” Telegram-kanalının təsisçisi Roman Protaseviç də olub. Təyyarədə aparılan pasport yoxlaması zamanı o saxlanılıb.

R. Protaseviç barəsində Belarus hüquq-mühafizə orqanları tərəfindən əvvəldən bir neçə maddə, o cümlədən kütləvi iğtişaşların təşkili maddəsi üzrə cinayət işi başlanıb. Onu 15 ilədək həbs cəzası gözləyir.  

Avropa İttifaqı, eləcə də ayrı-ayrı ölkələr, NATO, jurnalist və hüquq müdafiə təşkilatları baş verənləri, R. Protaseviçin saxlanılmasını pisləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR