Tehran Fond Birjasının indeksi sanksiyaların bərpası xəbərindən sonra enib

Tehran Fond Birjasının indeksi sanksiyaların bərpası xəbərindən sonra enib
# 21 sentyabr 2020 14:34 (UTC +04:00)

İrana qarşı ABŞ tərəfindən BMT sanksiyalarının bərpasını elan etməsindən bir neçə saat sonra Tehran Fond Birjasının ümumi indeksi sentyabrın 20-də aparılan ticarət əməliyyatları zamanı 2,8% azalıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Mərkəzi Bankı da dolların rəsmi satış məzənnəsini 850 tümən artırıb, dolların sərbəst məzənnəsi də yeni rekorda imza atıb.

Şənbə günü ABŞ-ın Dövlət katibi Mayk Pompeo yaydığı bəyanatda BMT-nin İrana qarşı bütün sanksiyaların yenidən tətbiq olunduğunu rəsmi şəkildə elan edib.

ABŞ-ın bu addımına indiyədək BMT, Avropa İttifaqı və Rusiya qarşı çıxsa da, Birləşmiş Ştatlar BMT-nin bütün üzvlərinə xəbərdarlıq edərək bildirib ki, İrana qarşı silah embarqosunun daimi uzadılmasını nəzərdə tutan sanksiyaları pozacaqları halda, cəza tədbirləri ilə üzləşəcəklər.

Bu haqda xəbərin yayılmasından sonra Tehran Fond Birjası bazar günü ticarətə əməliyyatlarına ümumi indeksdə azalma tendensiyası ilə başlayıb. Belə ki, ümumi birja indeksi 47,251 bənd azalaraq 1 652 242-yə çatıb.

Eyni zamanda, İran Mərkəzi Bankı da bazar günü səhər ABŞ dollarının rəsmi məzənnəsini 750 tümən artıraraq 27,200 tümənə çatdırıb.

Ötən gün səhər İranda 1 avronun məzənnəsi 32,000 tümən təşkil edib ki, bu da sərbəst satış qiymətindən 250 tümən aşağı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR