Bu ilin yanvar-iyul aylarında BBVB-nin valyuta bölməsinin həcmi 1,62 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında BBVB-nin valyuta bölməsinin həcmi 1,62 dəfə artıb
# 01 avqust 2008 15:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakı Banklararası Valyuta Birjası (BBVB) onun valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyini təyin edib. BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hərracların ümumi həcmində ən yüksək paya malik olan lider banklar qrupuna Azərbaycan Beynəlxalq Bankı başçılıq edir. Onunla bərabər, ilk beşliyə «Unibank», «Kapital Bank», «Azərbaycan Sənaye Bankı» və «Texnikabank» daxil olub.
Ümumi hesabda cari ilin iyul ayında BBVB-nin valyuta bölməsindəki elektron hərraclarda 31 bank iştirak edib, keçirilən 46 ticarət sessiyasında 165 əqd qeydə alınıb. «Birja Elektron Sistemində Ticarət»in (BEST) həcmi ötən ay 146,239 mln. manat və dollar ekvivalentində 181,348 mln. təşkil edib. İyun ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 58,7% azalıb. Eyni zamanda BEST ticarət sistemində ortagünlük dövriyyə ötən ayda 23,11 mln. ABŞ dolarından 7,885 mln. dolaradək enib. Bu zaman qeydə alınan hər əqdin orta həcmi 1,162 mln. dollara bərabər olub. Halbuki, iyunda həmin göstərici 2,762 mln. dollar təşkil edib. Bununla bərabər, cari ilin 7 ayı ərzində birjanın xarici valyutalar üzrə dövriyyəsi 1,361 mlrd. manatdan çox və yaxud 1,646 mlrd. dollara yaxın olub. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə valyuta bölməsinin həcmi 1,62 dəfə və yaxud 529,04 mln. manat artıb.
Qeyd edək ki, hesabat ayında birjada Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,31% artıb – hər USD görə 0,8110-dən 0,8085 AZN qədər. Nəticədə milli valyutanın ABŞ dollarına nisbi ortaölçülü birja məzənnəsi iyul ayında 0,8064 bərabər olub. İyunda isə bu göstərici 0,8156 AZN təşkil edib. Son bir il ərzində manatın ABŞ dollarına qarşı ortaölçülü birja məzənnəsi 4,60%, cari ilin əvvəlindən isə 5,55% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR