Qızılın bahalaşması davam edir

Qızılın bahalaşması davam edir
# 31 may 2021 10:30 (UTC +04:00)

Mayın son günündə qızılın qiymətinin artımı davam edir. Ticarət zamanı qızılın 1 unsiyasının dəyəri yenidən 1 900 ABŞ dolları səviyyəsini üstələyib. Buna bir sıra amil səbəb olub.

"APA-Economics"in məlumatına görə, Bakı vaxtı ilə saat 09:41-də "Comex" birjasında bir unsiya qızılın avqust fyuçerslərinin dəyəri 0,14% və ya 2,75 dollar artaraq 1 908,05 dollara yüksəlib. Gümüşün iyul fyuçersləri 0,34% artaraq unsiyaya görə 28,108 dollara çatıb.

Ayın əvvəlindən bəri qızıl təxminən 8% bahalaşıb.

"Mərkəzi banklar qiymətli metalın alışını artırmağa davam edir, görünməmiş monetar və maliyyə stimullaşdırıcı tədbirlər güclənməyə davam edir və bəzi treyderlər kriptovalyutalara olan etibarını itirməyə başlayıblar", - "Wall Street Journal" qiymət artımını izah edən "Oanda" şirkətinin analitiklərindən sitat gətirir.

Bununla yanaşı, ABŞ dolları avro və yen qarşısında bir qədər ucuzlaşır. ABŞ dövlət istiqrazlarının gəliri də azalır ki, bu da qızılın qiyməti üçün müsbət sayılır.

Mütəxəssislər qeyd edirlər ki, qızıl ABŞ dövlət istiqrazları ilə əlaqəli gəlirlilik baxımından cəlbediciliyi qoruyub saxlayarsa, bu ilin sonunda rekord bir dəyərə çata bilər.

Qeyd edək ki, hazırda qızıl 1 909 dollara ticarət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR