Fotosu ilə simvola çevrilmiş topçunun atası: “Vüsala elə ad günündə çağırış vərəqəsi gəldi” - VİDEO

Fotosu ilə simvola çevrilmiş topçunun atası: “Vüsala elə ad günündə çağırış vərəqəsi gəldi”    - VİDEO
# 04 noyabr 2020 18:20 (UTC +04:00)

Məşhur topçumuzun atası: “Elə ad günündə çağırış vərəqəsi gəldi”

Yəqin ki, tanıdınız. Düşmən üzərinə mərmini atıb qürurlu geri dönüşü ilə hamının ürəklərini fəth edən bu qəhrəmanımızı. Sosial şəbəkələrin trendinə çevrilən Vüsal İslam oğlu Şahkərimov.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Vüsal Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Şəhid Arif Məmmədov adına orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanan 19 yaşlı Vüsal hazırda davam edən Vətən müharibəsində topçu kimi şərəflə xidmətini davam etdirir. Topçu əsgərimizin anası İlahə Şahkərimova deyir ki, övladları barədə xəbəri dostlarından eşidiblər: “Sevincimizin həddi hüdudu yoxdur. Gözlərim doldu, yaşardı. Mən hiss elədim ki Vüsaldır. Bir az keçmişdi ki, gördük hamı ondan danışır, zənglər gəlməyə başlayıb. Sevinirik, şadlanırıq, fəxr edirik! İnşallah bütün işğal olunan torpaqlarımız azad olunur”.

Babası Ağa Ağayevin sözlərinə görə, Vüsalın şəklini görəndə gözlərinə inanmayıb: “Mənə deyəndə ki, Vüsalı televizorda göstəriblər mən özümü saxlaya bilmədim. Təkrarən göstərəndə gördüm mən. Görəndən sonra da özümə inanmırdım ki, bu bizim Vüsaldı? Sevincimdən bilmirdim neyləyim. O topu atıb belə Rembo kimi dayanır e, onda lap özümü itirdim. Necə ki, Prezidentimiz bu işin üstündə dayanıb, əsgərlərimizə dayaq, əsgərlərimizdə ona güvənib bir-bir bu mənfurları qovurlar bizim torpaqlardan”.

Atası İslam Şahkərimov deyir ki, oğluna elə ad günü çağırış vərəqəsi gəlib: “Elə ad günü çağırış gəldi və o da getdi hərbi xidmətə. Uğurlarını və necə xidmət etdiyini də hamı gördü. O gün olsun ki, bütün əsgərlərimiz sağ-salamat qələbə ilə öz evlərinə dönsünlər”.

Topçumuzun atası deyir ki, Vüsalın fotosunu ona göstərəndə göz yaşlarını saxlaya bilməyib.

Ailə üzvləri içərisində Vüsalın timsalında Azərbaycan Ordusunun uğurlarına ən çox sevinənlərdən biri də onun azyaşlı bacısı Fidandır: “Birinci inanmadım ki, o qardaşımdır. Sonra yenidən göstərəndə inandım ki, o qardaşımdır, çox sevindim”.

Qeyd edək ki, topçu əsgərimizin atası İslam Şahkərimovun ilk açıqlaması Lent.az saytında paylaşılıb.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR