ABŞ-ın Hyuston şəhərində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

ABŞ-ın Hyuston şəhərində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib
# 28 fevral 2020 10:24 (UTC +04:00)

ABŞ-ın Texas ştatının azərbaycanlıların sıx məskunlaşdığı Hyuston şəhərində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir, “Hyuston - Bakı Qardaşlaşmış Şəhərlər Asossasiyası”nın “Azərbaycan evi”nin təşkilatçılığı, habelə Azərbaycanın ABŞ-dakı Səfirliyinin iştirakı ilə təşkil olunub.

Səfirlikdən APA-ya bildirilib ki, çoxsaylı icma nümayəndələrinin qatıldığı tədbirdə, Ermənistan tərəfindən Xocalıda yaşayan mülki əhaliyə qarşı qətliam, Ermənistan-Azərbaycan münaqişəsi və onun doğurduğu nəticələr, ölkəmizin sülh əldə edilməsi istiqamətində atdığı addımlar barədə geniş müzakirələr keçirilib, ölkəmizin hüdudlarından kənarda belə tədbirlərin keçirilməsinin bu kimi faciələrin unudulmamasında xüsusi əhəmiyyəti qeyd olunub.

Azərbaycanlı icmasının fəallarından olan Toğrul Məmmədbəyov çıxış edərək, Xocalı faciəsinin tarixçəsi barədə iştirakçılar qarşısında geniş təqdimat verib, bu faciənin beynəlxalq ictimaiyyət tərəfindən tanıdılması istiqamətində görülən işlərdən bəhs edib. Xocalı faciəsinin ABŞ-da ilk olaraq Texas ştatı tərəfindən tanındığını xüsusi qeyd edən T. Məmmədbəyov bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan ABŞ-dakı Səfirliyinin əməkdaşı Əsmər Yusifzadə Xocalıda mülki şəxslərin xüsusi amansızlıqla qətlə yetirilməsinin Ermənistanın etnik ayrı-seçkilik və nifrət üzərində qurulmuş sistematik siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Xocalı və Azərbaycanın digər işğal olunmuş ərazilərində törədilmiş cinayətlərə görə məsuliyyət daşıyan Ermənistan və onun siyasi-hərbi rəhbərliyinin əməllərinin çoxsaylı müstəqil beynəlxalq qurumlar tərəfindən tanındığını qeyd edib. Lakin bu cinayətkarların hələ də cəzalandırılmadığını, Ermənistanın öz təcavüzkar siyasətini hələ də davam etdirdiyini bildirib.

İcma nümayəndəsi Riad Əfəndi “TRT World” tərəfindən lentə alınmış “Qara Bağlar: Azərbaycan və Ermənistanın müharibəsi” (“Black Orchards: Azerbaijan and Armenia’s Wars”) sənədli filmi barədə tədbir iştirakçılarına məlumat verib.

Çıxışlardan sonra, tədbir iştirakçılarına sözügedən sənədli film nümayiş etdirilib, izləyicilərinin çoxsaylı sualları cavablandırılmış və geniş fikir mübadiləsi aparılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR