Adil Aşırım: “Dağlıq Qarabağ Türkiyə üçün Kipr qədər, hətta ondan da əhəmiyyətlidir"

#
# 14:06
29 sentyabr 2020

“Ermənilər 100 ildir bölgədə hegemon Ermənistan dövləti qurmaq xəyalından vaz keçmir. Son 30 ildə Azərbaycan torpaqlarının işğal və qətllərlə ələ keçirilməsi bu niyyətin təzahürüdür. Təəssüf ki, dünya ictimaiyyəti və müvafiq beynəlxalq təşkilatlar bu vəziyyətə hələ də  susurlar”.

Bunu APA-nın yerli bürosuna politoloq, Türkiyə parlamentinin 20-ci çağırış millət vəkili Adil Aşırım deyib.

O bildirib ki, regionda öz mənfəətini güdən dövlətlər Türkiyənin Azərbaycan və Qafqaz regionu ilə olan bütün əlaqələrini kəsmək üçün təxribatçı Ermənistanın terror hücumlarından istifadə edirlər.

A. Aşırımın sözlərinə görə, Dağlıq Qarabağ Türkiyə üçün Kipr qədər, hətta ondan da əhəmiyyətlidir: “Çünki Kipr Aralıq dənizi əhatəsində Türkiyə üçün strateji  bir obyektdirsə, Qarabağ Türkiyənin Anadoluda əbədi mövcudluğunun qarantıdır”.

Türkiyəli politoloq qeyd edib ki, ermənilərin haqsız hücumlarının qarşısı alınmazsa, bu, təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də ağır nəticələnə bilər: “Ermənistan keçmişdə Azərbaycanın tarixi torpağı olan İrəvanı, Zəngəzuru ələ keçirdiyi kimi bu gün Qarabağ, sabah Türkiyənin şərqini tutmaq iddiasından əl çəkməyəcək və terror hücumlarını davam etdirəcək. Odur ki, biz qan qardaşlarımızın yanındayıq. Azərbaycana  haqlı mübarizəsində qalibiyyət arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR