Azərbaycan Prezidenti: “Təcavüzkarı cəzalandırmalı idik ki, bir də bizim tərəfə baxmağa belə cəsarət etməsin”

Azərbaycan Prezidenti: “Təcavüzkarı cəzalandırmalı idik ki, bir də bizim tərəfə baxmağa belə cəsarət etməsin”
# 11 oktyabr 2020 14:42 (UTC +04:00)

“Qərarlar, praktiki olaraq, avtomatik rejimdə qəbul edilir. Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün müəyyən təlimatlar var. Düşünürəm ki, bunlar hər orduda var. Təhlükə halında, hücum halında sən necə hərəkət etməlisən. Yəni, burada necə hərəkət etmək barədə tərəddüd etmirdik. Xüsusən ona görə ki, biz bu hücumu gözləyirdik. Eskalasiyadan bir neçə gün əvvəl mən bu barədə BMT-nin kürsüsündən danışmışdım. Mənim çıxışımın mətninə baxa bilərsiniz. O vaxt mən demişdim ki, Ermənistan müharibəyə hazırlaşır. Ermənistanı dayandırmaq lazımdır”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bunun üçün dəlillər çox idi: “Əvvələn, Ermənistanın müdafiə nazirinin keçən il Amerikada verdiyi bəyanat. Özü də o, bəyan etmişdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Sonra Paşinyanın “Qarabağ Ermənistandır” məzmunlu bəyanatları və sair. Daha sonra Livandan olan ermənilərin nümayişkaranə şəkildə Şuşada məskunlaşdırılmasından ibarət təhrikçi hərəkətlər müharibə cinayətidir. Daha sonra Şuşada, yeri gəlmişkən, işğalçı rejimin orada mövcud olduğu müddətdə ilk dəfə qondarma “andiçmə” mərasimi keçirməklə Azərbaycan xalqının təhqir edilməsi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentini Xankəndidən Şuşaya köçürmək cəhdi və bir sıra başqa əməllər. Bütün bunlar bizə qarşı təxribat idi. Sonra iyul hadisələri. Bizim hərbi mövqelərimizə təxribatçı hücumlar. Elə ilk saatlarda biz dörd hərbi qulluqçumuzu, sonra bir mülki vətəndaşımızı itirdik. Sonra avqust hadisəsi. Goranboy rayonunda təmas xəttindən keçmiş təxribat qrupunun başçısı indi ifadə verir. Biz gözləyirdik, biz hazır idik. Təbii ki, qərar, o cümlədən mənim tərəfimdən avtomatik rejimdə, heç bir tərəddüdsüz qəbul edildi. Biz təcavüzkarı yerində oturtmalı idik. İyul ayında Azərbaycan cəmiyyəti bunun davam etdirilməsini tələb edirdi. Yəqin ki, siz bunu bilirsiniz”.

Prezident İlham Əliyev deyib ki, iyul ayında mitinqdə səslənən əsas şüar belə idi: “Ali Baş Komandan, bizə silah ver!” İnsanlar belə deyirdilər. İyul ayında biz Ermənistanla dövlət sərhədini rahatca keçərək, Ermənistan Respublikasının geniş ərazilərini tuta bilərdik, amma biz bunu etmədik. Orada heç bir çətinlik yox idi və biz bunu indi göstərdik, 30 il ərzində ciddi eşelonlaşdırılmış müdafiə xəttini qırdıq, orada relyef özü müdafiə üçün münasibdir. Biz aşağıdan yuxarıya getdik, beton plitələri sındırdıq, Azərbaycan Ordusunun qeyri-adi səyləri, əsgərlərimizin və zabitlərimizin qəhrəmanlığı lazım gəldi. Oradan Ermənistanın istənilən nöqtəsinə keçmək bizim üçün çox asan idi. Lakin mən bunu dayandırdım, dedim ki, yox, biz bunu etməyəcəyik, biz onlar deyilik. Biz Ermənistanın beynəlxalq aləmdə tanınmış ərazisinə keçməyəcəyik və biz sərhədə qədər getdik, oraya soxulmuş işğalçıları qovduq və dayandıq. Yəni bundan sonra biz təcavüzkarı cəzalandırmalı idik ki, o, bir də bizim tərəfə baxmağa belə cəsarət etməsin. Biz bunu etdik, baxın, görün indi Paşinyan necə rəzil vəziyyətdədir. Alçalır, zəng edir, yalvarır, daha kimlərə zəng etmir. Avropa İttifaqı hökumətlərinin başçılarına. Bəs, o, nə tələb edir? Onların “Dağlıq Qarabağ respublikası”nı tanımasını tələb edir. Yəni bu, Ermənistan rəhbərliyinin tamamilə qeyri-adekvat olmasına dəlalət edir. Azərbaycan ilə Avropa İttifaqı arasında sazişlər var, - onlardan biri 2 il bundan əvvəl paraflanıb, - orada deyilir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörmət edir. Avropa İttifaqının üzvü olan yeddi ölkə ilə bizim strateji tərəfdaşlığımız haqqında sənədlər var. Bu ölkələrin hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır. “Dağlıq Qarabağ respublikası”nın tanınmasını siyasətdən və beynəlxalq sahədə hər hansı biliklərdən tamamilə uzaq olan adam tələb edə bilər. Görün, onlar nə həddə çatıblar. Biz onları cəzalandırmalı idik. Biz onlara yerlərini göstərməli idik ki, bizimlə belə danışmaq olmaz, bu, onlara asan başa gəlməyəcək. Belə də oldu. O, anaların göz yaşlarına, cəbhəyə göndərdikləri Ermənistanın günahsız gənc vətəndaşlarının ölümünə görə cavab verəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR