Bakı Musiqi Akademiyasında Xocalı faciəsi anılıb

Bakı Musiqi Akademiyasında Xocalı faciəsi anılıb
# 25 fevral 2020 14:29 (UTC +04:00)

Fevralın 25-də Bakı Musiqi Akademiyasında (BMA) Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

APA-nın məlumatına görə, BMA və Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova çıxış edərək Xocalı faciəsindən 28 il ötdüyünü bildirib: "28 il öncə xalqımız böyük faciə ilə üz-üzə qalıb, yüzlərlə silahsız soydaşımız 1992-ci il fevralın 25-dən 26-a keçən gecə qanına qəltan edilib".

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev isə Xocalı faciəsinin insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biri olduğunu deyib: "Xocalı faciəsinin növbəti ildönümünü qeyd etməklə biz keçmişi unutmadığımızı dünya ictimaiyyətinə bir daha çatdırırıq. Ermənilər tərəfindən xalqımıza qarşı yönəldilmiş qırğının məqsədi azərbaycanlıları məhv etmək, onlara qarşı soyqırımını təşkil etmək olub. Onlar XX əsrin ən böyük soyqırımlarından birini törədiblər. Qarabağ rejiminin üzvləri olan Robert Köçəryan, Serj Sarkisyan kimi cəlladlar da dəfələrlə bu cinayəti etiraf ediblər".

T. Gəncəliyev Azərbaycan xalqına qarşı soyqırımı törətmiş insanların məhkəmə qarşısında cavab verəcəklərinə inandığını vurğulayıb: "Erməni cəlladları cəzasızlıq şəraitində yaşadıqca bu cinayəti yenidən işləyəcəklər. Ona görə də biz Xocalı faciəsini törədənlərin beynəlxalq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik".

Birlik sədri Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün çalışdıqlarını da diqqətə çatdırıb: "Xocalıya ədalət" kampaniyası adı altında dünyanın müxtəlif ölkələrində bu faciə haqqında məlumat verilir, artıq dünyanın 10-dan artıq ölkəsi bu faciəni soyqırımı kimi tanıyıb. Biz gələcəkdə də bu yolda səylə fəaliyyət göstərəcəyik".

Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə BMA-nın müəllim və tələbələrinin ifalarında Qara Qarayev, Aydın Əzimov, Röya Hüseynova və digər bəstəkarların əsərlərindən parçalar səsləndirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR