Deputat: “Müharibə cinayətkarı Araik Arutunyanın Moskvaya səfəri Azərbaycana qarşı təxribatdır”

Deputat: “Müharibə cinayətkarı Araik Arutunyanın Moskvaya səfəri Azərbaycana qarşı təxribatdır”
# 23 aprel 2021 18:49 (UTC +04:00)

“Ermənistan mediasında gedən məlumata görə, Azərbaycanın müvafiq orqanları tərəfindən barəsində axtarış elan olunmuş müharibə cinayətkarı Araik Arutunyan qəfil Moskvaya çağırılıb və Moskvaya səfər edib. Müharibə cinayətkarının hər hansı ölkəyə səfəri dözülməz haldır”.

Bunu APA-ya açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli bildirib.

T. Kərimli deyib ki, A. Arutunyan Moskvaya mənfi əməllərinə cavab verilməsi üçün çağırılmayıb: “Bu səfər kimlər tərəfindən təşkil olunur və onun məqsədi nədir? Araik Arutunyan Rusiyaya hansı ölkənin pasportu ilə gedib? Separatizmin nə olduğunu öz təcrübəsində görən Rusiyaya belə şəxslərin səfəri başa düşülən deyil. Bu, həm də Azərbaycana qarşı hörmətsizlikdir. Çünki Azərbaycan ərazisində oyuncaq separatçı qurumun başçısı kimi onun barəsində Azərbaycan qanunlarına əsasən axtarış elan olunub. Eyni zamanda Araik Arutunyan müharibə dövründə Azərbaycan şəhərlərini raket atəşinə tutmaq barədə göstəriş verdiyini etiraf edib, müharibə cinayətkarıdır. Bu səfər və səfər çərçivəsində keçiriləcək görüşlər Azərbaycanın suverenliyinə qarşıdır, suverenliyimizə hörmətsizlikdir. Arutunyanın Rusiyaya səfəri Dağlıq Qarabağda sülhməramlı missiya həyata keçirən Rusiyanın bu istiqamətdə fəaliyyətinə də kölgə salır”.

Millət vəkili A. Arutunyanın Moskva səfərinin təxribat olduğunu vurğulayıb: “Bu, Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsi deməkdir. Müharibə cinayətkarının Moskva səfəri özbaşına ola bilməz. Təsadüfi deyil ki, son həftə ərzində Azərbaycan-Ermənistan sərhədində ən azı iki böyük insident baş verib, Rusiya hərbçilərinin xahişini nəzərə alaraq Azərbaycan hərbçiləri bu təxribatlara sərt reaksiya verməyib”.

T. Kərimli Azərbaycan tərəfinin Şuşaya atılan və Rusiyadan ixracı qadağan olunmuş “İskəndər-M” raketi ilə bağlı sorğu göndərdiyini də xatırladıb: “Rusiya Müdafiə Nazirliyinin cavabı faktiki sorğuya cavab deyil. Bu da erməni separatçılarını çox həvəsləndirib. Şübhəsiz ki, Rusiyada müəyyən dairələr tərəfindən Araik Arutunyana himayə edilməsi gözlənilir. Hesab edirəm ki, bu, müəyyən qədər regionumuzda gərginliyin artmasına səbəb olacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son çıxışlarında Ermənistanda revanşist qüvvələrin baş qaldırdığını bir daha qeyd etdi, bildirdi ki, istənilən təhdid cəzasız qalmayacaq, təsbit olunan təhdidlərə dərhal cavab veriləcək. Amma Azərbaycan tərəfi eskalasiyada maraqlı deyil. Ona görə də Araik Arutunyanın Moskva səfəri çoxlu suallar doğurur. Necə ola bilər ki, axtarışda olan bir şəxs sərbəst Moskvaya gedir, axtarışda olan şəxslə Rusiyanın rəsmi şəxsləri görüşə bilər? Necə ola bilər ki, neytral mövqedə dayanmalı olan Rusiya sülhməramlıları daim Araik Arutunyanın müdafiəçisi qismində çıxış edir, ona sərbəst hərəkəti üçün şərait yaradır? Bu, Azərbaycana qarşı təxribatdır. Şübhəsiz ki, Ermənistan və separatçıların xaricdəki havadarları da Ermənistan və Azərbaycan arasında eskalasiyanın artmasında maraqlıdırlar. Xüsusən Ermənistanda seçkilər ərəfəsində bu havadarlar daha da fəallaşmağı zəruri sayıblar. Biz birmənalı olaraq bu təxribatları pisləyirik. Hesab edirik ki, Azərbaycan tərəfi də buna müvafiq olaraq cavab tədbirləri görəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR