Ermənistanda vətəndaşlar Müdafiə Nazirliyindən Qarabağda itkin düşən yaxınlarını tələb edir

Ermənistanda vətəndaşlar Müdafiə Nazirliyindən Qarabağda itkin düşən yaxınlarını tələb edir
# 16 noyabr 2020 15:33 (UTC +04:00)

Dağlıq Qarabağda müharibədə itkin düşmüş hərbçilərin valideynləri və yaxınları Ermənistan Müdafiə Nazirliyinin binası qarşısına toplaşıb.

APA-nın “Sputnik Armenii” agentliyinə istinadən verilən məlumata görə, onlar yaxınlarının aqibəti barədə məlumat almaq istəyirlər. Müdafiə naziri David Tonoyan və Baş Qərargah rəisi Onik Qaspatyanla görüş tələb edən etirazçılar ərlərinin, qardaşlarının və övladlarının harda olması barədə suala cavab axtarırlar.

Etirazçılar ağlaya-ağlaya yaxınlarının harda olmasına dair məlumat almaq istəyirlər ki, özləri onları axtarmağa getsinlər. Binanın qarşısı polis tərəfindən əhatə alınıb, etirazçılar yaxın buraxılmır.

“Hanı bizim uşaqlar? Bizim övladlarımızı qaytarın! Niyə onların adı heç bir siyahıda yoxdur”, - deyə Qaqik Mhitaryan jurnalistlərə bildirib. Onun oğlu bu ilin avqustunda xidmətə çağırılıb. Q. Mhitaryan bildirib ki, lazımı təcrübəsi olmasa da, oğlunu ön xəttə göndəriblər. İndi oğlundan heç bir xəbər yoxdur.

“Dəfələrlə Müdafiə Nazirliyinə, Beynəlxalq Qızıl Xaş Komitəsinə müraciət etmişik, lakin oğlumun taleyindən bizə bir xəbər verən tapılmır”, - deyə o bildirib.

Digər valideyn Artur Kirakosyan isə artıq dözməyin mümkün olmadığını deyib: “Azərbaycanın nəzarətinə keçən ərazilərdə yaralı əsgərlərimiz ola bilər, axı onları xilas etmək mümkündür. Mənim oğlumdan oktyabrın 10-dan xəbər yoxdur. Təkcə o yox, bütöv bir tabor itkin düşüb. Onlar Cəbrayıl və Martuni arasında itkin düşüblər. Mən eşitmişəm ki, onların çoxu sağdır. Bəlkə oğlum əsir düşüb, bəlkə yaralılar arasındadır”.

Ruzanna Saroyan isə ərini axtardığını bildirib. O, ərinin Hadrut istiqamətində döyüşlərdə iştirak etdiyini, xeyli vaxtdır ondan heç bir xəbər ala bilmədiklərini deyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR