Flora Qasımova: “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi öz missiyası yerinə yetirdi”

Flora Qasımova: “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi öz missiyası yerinə yetirdi”
# 30 aprel 2021 17:59 (UTC +04:00)

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi öz missiyası yerinə yetirdi. Buna görə də İctimai Birlik bu gün iclas keçirərək, təşkilatın buraxılmasına qərar verib”.

Bunu APA-ya açıqlamasında “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü olmuş keçmiş deputat Flora Qasımova bildirib.

“Dağlıq Qarabağın azərbaycanlı icması” təşkilatının fəaliyyəti dövründə torpaqlarımızın Ermənistan tərəfindən işğalı, yüz minlərlə azərbaycanlının dədə-baba yurdlarından qovulması, soyqırımına məruz qalması, Ermənistanın işğalçı siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uğurla fəaliyyət göstərdiyini vurğulayan F. Qasımova deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin missiyası da başa çatıb: “Dövlət başçısı dəfələrlə bəyan edib ki, münaqişə arxada qalıb. “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi və onun statusu anlayışı da yoxdur. Başqa sözlə, Vətən müharibəsindən sonra yaranmış yeni reallıqda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və “Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları öz aktuallığını və ictimai əhəmiyyətlərini itirib. Bütün milli azlıqlar kimi ermənilər də Azərbaycanda fərdi vətəndaşlar olaraq sərbəst şəkildə yaşayacaqlar”.

F. Qasımova bildirib ki, işğaldan azad edilən torpaqlarda tarix boyu azərbaycanlılar yaşayıblar: “Sovetlər dönəmində Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə qərar Azərbaycan üçün hazırlanmış bir mina idi. Ali Baş Komandanın rəhbərliyi ilə bu mina zərərsizləşdirildi. Artıq erməni şovinistləri iddialarına birdəfəlik son qoymalıdırlar. Dövlət başçısının dediyi kimi, status məsələsi də bundan sonra heç zaman gündəmdə olmayacaq. Belə olan halda niyə icma olmalıyıq? “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin buraxılması barədə qərarı gözləyirdim və məmnunluqla qarşıladım. Biz bundan sonra diqqətimizi Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi və əzəli torpaqlarımıza böyük qayıdışın uğurla başa çatdırılmasına, Qarabağımızın dirçəldilməsinə yönəldəcəyik. Bu missiyanı dəstəkləmək üçün də “Qarabağa dönüş” İctimai Birliyini yaratdıq. Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının cəmiyyətimizə inteqrasiyası və qanunlarımız çərçivəsində yaşayışının təmin edilməsi istiqamətində də lazımi işlər görüləcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR