Jurnalistlər Mincivan qəsəbəsində olublar - FOTO

Jurnalistlər Mincivan qəsəbəsində olublar - FOTO
# 28 aprel 2021 16:50 (UTC +04:00)

Bir qrup jurnalist Prezident İlham Əliyevin aprelin 26-da səfər etdiyi marşrut üzrə təşkil olunmuş media-tur çərçivəsində bu gün Zəngilan rayonunun Mincivan qəsəbəsində olublar.

APA-nın əməkdaşı xəbər verir ki, media nümayəndələri ermənilərin işğal müddətində Mincivan qəsəbəsində törətdiyi vandallığı gözləri ilə görüblər. İşğalçılar uzun illər ərzində evləri, inzibati binaları, sosial obyektləri dağıdıb, söküb, oğurlayıb, torpaqları istismar edib, təbiətə külli miqdarda ziyan vurub, ekoloji terror törədiblər.

Mincivan dəmiryolu stansiyası da ermənilər tərəfindən dağıdılıb, xarabalığa çevrilib.

Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva aprelin 26-da Mincivan qəsəbəsində olublar.

Dövlət başçısı erməni işğalçılarının Mincivan dəmir yolu stansiyasının binasını da yerlə-yeksan etdiyini, dağıtdığını, dəmir yolunu söküb, relsləri aparıb, satıb, əridib və tank əleyhinə istehkamların quraşdırılması üçün istifadə etdiyini deyib: “Bu bina erməni faşizminin növbəti qurbanıdır, növbəti şahididir. Ermənilər bütün binalarımızı - ictimai binaları, evləri, məscidləri, muzeyləri dağıdıblar, söküblər, talayıblar, daşları oğurlayıb aparıblar, özləri üçün evlər tikiblər”.

Prezident Əliyev qeyd edib ki, dəmir yolu yenidən qurulacaq: “Vağzal da, həmçinin. Dəmir yolunun yenidən qurulması prosesinə start verildi. Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq. Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir. Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR