Monitorinq Komitəsi Ermənistanla Azərbaycanı minatəmizləmə işlərində əməkdaşlığa çağırır

#
# 13:44
22 aprel 2021

AŞPA-nın Monitorinq Komitəsi Ermənistan və Azərbaycan arasındakı münaqişə ilə bağlı bəyanat yayıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bəyanatda qeyd edilib ki, Ermənistanla Azərbaycan arasında hərbi münaqişə və 2020-ci ilin noyabr ayında imzalanan üçtərəfli bəyanatdan sonra baş verən hadisələr Avropa Şurası üçün çox əhəmiyyətlidir və Monitorinq Komitəsi tərəfindən yaxından izlənilir.

"Digər müvafiq komitələrlə birgə hər iki ölkənin nümayəndələri, müstəqil ekspertlər, Ermənistan və Azərbaycan üzrə həmməruzəçilər baş verən hadisələrlə barədə mütəmadi olaraq ortaq açıqlamalar veriblər. Komitə əmindir ki, hər iki ölkənin milli parlamenti barışıq prosesi və tərəflər arasında konkret sülh danışıqlarının bərpasında mühüm rol oynaya bilər və oynamalıdır".

Bəyanatda üçtərəfli anlaşmanın tətbiqi ilə əldə olunan irəliləmə alqışlanıb.

Monitorinq Komitəsi bildirir ki, hər iki tərəf mülki şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə aidiyyəti olan ərazilərin minalardan təmizlənməsinə yönəlmiş əməkdaşlığı və əlaqələri gücləndirməlidir.

Bəyanatda qeyd edilib ki, son hərbi əməliyyatlar zamanı qarşıdurma və insan haqları və humanitar qanun pozuntularına dair iddiaları araşdırmağa məsul olan müstəqil beynəlxalq missiyanın yaradılması barışıq və həqiqi sülhün bərqərar olması üçün vacibdir.

Bəyanatda bildirilir ki, münaqişə kontekstində saxlanılan şəxslərin hamısının heç bir fərq qoyulmadan mübadiləsi vacibdir.

Bundan başqa, mədəni irs, onun qorunması və yenilənməsini təmin etmək üçün zəruri mexanizmlərin təcili olaraq yaradılmasının prioritet olduğu vurğulanıb.

Komitə hər iki tərəfi üçtərəfli bəyanatı tam şəkildə həyata keçirmək və sülh danışıqlarına başlamaq məqsədi ilə müvafiq beynəlxalq qurumlarla, xüsusən də ATƏT-in Minsk Qrupu ilə konstruktiv əlaqədə olmağa çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR