Nazirlik: Ermənistan informasiya müharibəsində də hər cür təxribata əl atır

Nazirlik: Ermənistan informasiya müharibəsində də hər cür təxribata əl atır
# 03 oktyabr 2020 14:18 (UTC +04:00)

Azərbaycan ordusu tərəfindən döyüş meydanında ardıcıl olaraq məğlubiyyətə uğrayan Ermənistan informasiya müharibəsində də hər cür təxribata əl atmaqdadır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə bildirilib ki, düşmən bu dəfə yerli media nümayəndələrini hədəf alıb.

Azərbaycandan olan bir qrup jurnalist və bloggerlərə Avropa ölkələrinin mobil operatorlarına məxsus nömrələrdən, “WhatsApp” üzərindən "iş təklifi" bəhanəsi ilə mesajlar daxil olub. Mesajların mətnində yüksək maaş qarşılığında jurnalistlərə cəbhəyanı bölgələrdə müxbir, reportyor "işləri" təklif olunur. Dırnaqarası iş təklifinin əsas mahiyyəti müharibə zonasından video və fotolar çəkilərək onlara göndərilməsidir.

Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, göndərilən mesajlar təxribat xarakteri daşıyır. Qurum yerli media orqanlarının nümayəndələrini bu kimi hallarla qarşılaşdıqları zaman maksimum diqqətli olmağa, ermənilərin ölkəmizə qarşı çirkin niyyətlərinə nail olmasına imkan verməməyə çağırır.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları üzləşdikləri istənilən kibertəhlükə və kiberinsidentlərlə bağlı qurumun rəsmi veb-resursu olan cert.az saytı, [email protected] email ünvanı, “1654” qaynar xətti və sosial şəbəkə hesablarına müraciət etməyə səsləyir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR