Ölkə başçısı: "Ermənistan vasitəçilərə və öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi"

Ölkə başçısı: "Ermənistan vasitəçilərə və öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi"
# 19 oktyabr 2020 20:24 (UTC +04:00)

Biz öz tərəfdaşlarımızla əlaqələr çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm beynəlxalq hüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinə yetirməyə çalışırdıq və buna hazırlaşırdıq.

APA xəbər verir ki, Prezident İlham Əliyev bunu Rusiyanın "TASS" informasiya agentliyinə müsahibəsində atəşkəslə bağlı suala cavabında bildirib.

Ermənistan atəşkəs rejimini kobud şəkildə pozduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, - iki hücum olub, - həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni Ermənistan atəşkəsi nümayişkəranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi”.

Azərbaycan Prezidenti qeyd edib ki, bundan əvvəl, həlak olanların cəsədlərinin, əsirlərin və girovların mübadiləsi məqsədilə atəşkəsin şərtləri razılaşdırıldıqdan sonra Ermənistan döyüş meydanında da atəşkəs rejimini pozurdu. Lakin onlar bununla kifayətlənmədi və Gəncə şəhərinə hücum etdilər. “İki gün bundan əvvəl onlar eyni cür hərəkət etdilər. Yenə gecə vaxtı. Bu, çox alçaq cinayətdir. Bu, beynəlxalq terrorizmdir. Dünya birliyinin bu qanlı cinayəti bir səslə pisləməsi o deməkdir ki, bu, ermənilərə baha başa gələcək. BMT-nin Baş katibi də, Avropa İttifaqı da, bir çox ölkələr də bu beynəlxalq terrorizm aktını milli səviyyədə pisləyiblər”, - deyə Prezidenti İlham Əliyev vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR