Türkiyədən olan nümayəndə heyəti Gəncədə dağılmış evlərə baş çəkib - FOTO

Türkiyədən olan nümayəndə heyəti Gəncədə dağılmış evlərə baş çəkib - FOTO
# 03 noyabr 2020 13:48 (UTC +04:00)

Türkiyənin TARSİM – kənd təsərrüfatı sığortaları təşkilatının rəhbərliyi, Himayəçilik Şurasının üzvü, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik nazirliyinin nümayəndəsi Bekir Engürülü və TARSİM şirkətinin rəhbəri Serpil Günalın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Gəncə şəhərinə səfər edib.

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Gənclər Fondunun nümayəndə heyəti də Gəncədə olub.

Qonaqlara sentyabrın 27-də mülki əhaliyə qarşı hərbi təxribata əl atan Ermənistan silahlı qüvvələrinin Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, infrastrukturu, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən intensiv atəşə tutaraq mülki obyektlərə ciddi ziyan vurduğu bildirilib.

Qeyd edilib ki, oktyabrın 11-də də düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – SCUD raketlərindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

O da qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində ilkin məlumata görə, 15 nəfər həlak olub, 50-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

B. Engürülü bildirib ki, Türkiyənin Azərbaycanla həmrəy olduğunu nümayiş etdirmək və baş verən haqsızlığa etiraz etmək üçün Gəncəyə səfər ediblər: “Gözlərimizlə bu dəhşəti gördük. Türkiyə olaraq Azərbaycanın yanında olduğumuzu qeyd etmək istərdim”.

S. Günal vurğulayıb ki, Türkiyə haqlı mübarizəsində Azərbaycanı dəstəkləyir: “Ermənistanın ordusunun yaşayış məntəqələrini və dinc əhalini atəşə tutmasını, Gəncə və digər şəhərlərə raket zərbələri endirməsini qətiyyətlə pisləyirik. Türkün türkdən başqa dostu yoxdur. Həyatını itirən şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”.

S. Günal Azərbaycanla Türkiyə arasında aqrar sığorta sahəsində əməkdaşlığın davam edəcəyini də qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR