Ukraynalı nazir: “Azad olunmuş ərazilərin bərpası prosesinə qoşulacağıq”

Ukraynalı nazir: “Azad olunmuş ərazilərin bərpası prosesinə qoşulacağıq”
# 14 aprel 2021 16:24 (UTC +04:00)

“İlk növbədə hamıya sülh səması arzulayıram ki, bir daha dinc şəhər olan Gəncədə bu cür faciələr baş verməsin. Sözsüz ki, Dağlıq Qarabağa da sülh səması, firavanlıq və uzun müddətli çiçəklənmə arzulayıram”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu bu gün Gəncəyə səfər edən Ukraynanın infrastruktur naziri Vladislav Klikliy deyib.

“Sözsüz ki, biz Azərbaycan ərazilərinin bərpası prosesinə qoşulacağıq. Bura minalardan təmizləmə, infrastruktur problemləri, ərazilərin bərpası, nəqliyyat əlaqələrinin bərpası və dinc sakinlərin yaşaması üçün şəraitin yaradılması aiddir”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, bu ilin sentyabrında Ukraynanın Odessa şəhəri ilə Azərbaycanın Gəncə şəhərinin qardaş şəhər olması haqda sənəd imzalanacaq: "Odessa-Gəncə-Odessa reysinin açılması istiqamətində çalışırıq. Bundan başqa, Odessanın Milli Aqrar Universiteti ilə Gəncə Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq və təcrübə mübadiləsi haqqında memorandum imzaladıq. Hesab edirəm ki, bu çox aktualdır. Dağlıq Qarabağda 200 min hektardan çox torpaq aqrar məqsədlə istifadə olunacaq ki, region aqrar cəhətdən inkişaf etsin. Təbii ki, Ukrayna dövləti hər cür kömək göstərməyə hazırdır. Belə ki, Ukrayna aqrar ölkədir. Bir daha təkrar edirəm ki, nəqliyyatın, dəmir yolu nəqliyyatının bərpası, sosial infrastrukturun belə demək mümkündürsə, sıfırdan bərpa olunması prosesinə Ukrayna aktiv qoşulmağa hazırdır. Bir daha hər kəsə sülh səması arzulayıram”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR