Yücel Karauz: “Ermənistanın insanlıqdan kənar hərəkətlərinə baxmayaraq, Azərbaycan hərbi mövqeləri hədəf alır”

Yücel Karauz: “Ermənistanın insanlıqdan kənar hərəkətlərinə baxmayaraq, Azərbaycan hərbi mövqeləri hədəf alır”
# 05 oktyabr 2020 18:50 (UTC +04:00)

“Ermənistan hakimiyyəti iyulun 12-dən başlayaraq Azərbaycanın dinc sakinlərini atəş tutur”.

Bunu APA-nın yerli bürosuna açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

O bildirib ki, iyul ayında Tovuz, son günlər isə Gəncə, hətta paytaxt Bakıya yaxın ərazilərə raket zərbələri endirməklə Cenevrə konvensiyalarının tələblərini pozub: “Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz torpaqlarının müdafiəsi üçün vətən müharibəsinə başlayıb. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi Vətən müharibəsidir. 1993-cü ildən bəri Azərbaycan və Ermənistan rəhbərlərinin rəsmi səviyyədə saysız-hesabsız görüşləri keçirilib. Nazirlər səviyyəsində də bir çox görüş baş tutub. Azərbaycan hər zaman işğal altında olan torpaqlarının danışıqlar, sülh yolu ilə azad olunmasına çalışıb. Lakin Ermənistan nə danışıqlara, nə BMT-nin 4 qətnaməsinə, nə də digər beynəlxalq sənədlərə məhəl qoymayıb və hazırda bu özbaşınalığının cavabını alır”.

Y. Karauzun sözlərinə görə, Ermənistan Azərbaycanda mülki əhalinin yaşadığı yerləri hədəf seçməklə insanları təşviş içərisində saxlamaq və bununla da atəşkəsə nail olmaq istəyir: “Ermənistanın digər məqsədi Azərbaycanın Vətən müharibəsini Azərbaycan-Ermənistan münaqişəsinə çevirmək, daha sonra isə region ölkələrini bu münaqişəyə cəlb etməkdir. Fəqət Ermənistanın insanlıqdan kənar bu hərəkətlərinə baxmayaraq, Azərbaycan humanist fəaliyyətini davam etdirməklə hərbi mövqeləri hədəf alır”.

Azərbaycan Prezidenti İlham Əliyevin dünən xalqa çıxışına münasibət bildirən general qeyd edib ki, bir hərbçi kimi Azərbaycanın strategiyasını yüksək səviyyədə qiymətləndirir: “Biz hərbçilər üçün hərbidə iki hədəf var. Birincisi, düşməni və onun texnikasını zərərsizləşdirmək, ikincisi isə, düşmənin savaş əzmini qırmaqdır. Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başqa ölkələrdən dəstək almadan cəbhədə düşmənin əzmini qırmaqdadır. Prezident İlham Əliyev dünən xalqa müraciətində dedi ki, Azərbaycan torpaqları tamamilə işğaldan azad olunana qədər mübarizə davam edəcək. Azərbaycan Prezidenti sülhün hansı şərtlər altında əldə olunacağını və digər mühüm məsələləri də açıqladı. Bu, bir liderin yüksək siyasi gücünün və mədəniyyətinin göstəricisidir. Murovdağ, Suqovuşan, Cəbrayıl, Füzuli cəbhələri üzrə hərbi uğurların arxasında cənab İlham Əliyevin düzgün siyasəti və qətiyyəti, Azərbaycan xalqının yüksək vətənpərvərlik ruhu, Azərbaycan ordusunun düzgün strategiyası və qüdrəti dayanır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR