Mahmud Məmmədquliyev: “Aqo” qrupuna Azərbaycanla bağlı keçirdiyi monitorinqi dayandırmağı təklif etmişik”

Mahmud Məmmədquliyev: “Aqo” qrupuna Azərbaycanla bağlı keçirdiyi monitorinqi dayandırmağı təklif etmişik”
# 14 dekabr 2006 11:28 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın Avropa bürosunun əməkdaşına xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev verib. Avropa Şurasının baş katibi Terri Devis, “Aqo” qrupu və Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edən San-Marinonun qurumda daimi nümayəndəliyinin rəhbəri ilə görüşlərini şərh edən Mahmud Məmmədquliyev bu görüşləri səmərəli adlandırıb. O, “Aqo” qrupunun Azərbaycanla bağlı bir neçə sorğu hazırladığını deyib. “Bu suallar artıq Azərbaycana göndərilib və biz cavablarımızı “Aqo” qrupuna təqdim edəcəyik. Qrup nümayəndələri ilə görüşdə biz öz növbəmizdə kütləvi informasiya vasitələri ilə bağlı təkliflərimizi onlara çatdırdıq. Təklif etdik ki, kütləvi informasiya vasitələri ilə bağlı geniş və uzunmüddətli proqram hazırlansın. Yaxşı olar ki, bu proqramın hazırlanmasında Avropa Şurası, yaxud Avropa İttifaqı da iştirak etsin. “Aqo” qrupu əsasən kütləvi informasiya vasitələri və siyasi məhbuslarla bağlı narahatlığını bildirdi. Biz bu məsələlərlə də bağlı qrupa lazımi məlumatlar verdik. Siyasi məhbus məsələsinə gəldikdə, bildirdik ki, bu məsələ ilə bağlı xüsusi işçi qrupu yaradılıb və dekabrın əvvəllərindən işçi qrupun növbəti iclası da keçirilib. Azərbaycan bu sahədə də “Aqo” qrupu ilə əməkdaşlıq etməyə hazırdır”. Mahmud Məmmədquliyev görüşdə “Aqo” qrupu ilə Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin monitorinqini dayandırılması məsələsinin müzakirə olunduğunu deyib. “Biz təklif etdik ki, artıq Azərbaycan beş ildir ki, xüsusi monitorinq altındadır. Prinsipcə, Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirib. Bir neçə məsələ qalıb ki, bunun yerinə yetirilməsi də təkcə Azərbaycandan deyil, ümumilikdə regiondan asılı olan məsələdir. Biz çox istəyərdik ki, bu monitorinq prosesi artıq başa çatsın və Azərbaycan da digər ölkələr kimi adi monitorinq nəzarətində olsun. Çünki, Avropa Şurasına üzv olan bütün ölkələrdə monitorinq keçirilir və digər ölkələrdə də yerinə yetirilməmiş öhdəliklər var. Bu halda Azərbaycan üçün xüsusi bir qrup çərçivəsində monitorinq aparılmasına nə ehtiyac var? “Aqo” qrupu bu məsələyə baxmağa hazırdır və daimi nümayəndəliyimiz bununla bağlı işi davam etdirəcək”. Mahmud Məmmədquliyev Avropa Şurasının baş katibi Terri Devisə Azərbaycanın işğal altında olan ərazilərində keçirilən referenduma bildirdiyi münasibətə görə təşəkkür etdiyini deyib. “Terri Devislə təqribən 15-20 dəqiqəlik görüşümüz oldu, görüşdə ümumi olaraq Azərbaycanda olan vəziyyət, Avropa Şurası ilə əməkdaşlıq kimi əsas məsələlər müzakirə olundu. Bildiyiniz kimi, Terri Devis Qarabağda keçirilən referendumla bağlı bəyanat verib. Ola bilsin ki, bəyanat hərtərəfli deyil və bu bəyanatda bizi qane etməyən bəzi məqamlar da var. Lakin istənilən halda baş katib bu məsələyə münasibət bildirdiyi üçün ona təşəkkür etdim”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR