122 saylı Xankəndi Dairə Seçki Komissiyasının sədri Allahverdi Doluxanov: “Xankəndi Azərbaycan ərazisidir və orada referendumu yalnız biz təşkil edə bilərik”

122 saylı Xankəndi Dairə Seçki Komissiyasının sədri Allahverdi Doluxanov: “Xankəndi Azərbaycan ərazisidir və orada referendumu yalnız biz təşkil edə bilərik”
# 14 dekabr 2006 15:06 (UTC +04:00)
“Separatçı Arkadi Qukasyanın təşkilatçılığı ilə yaradılmış seçki komissiyasının Dağlıq Qarabağda keçirdiyi referendumun nəticələrinin qəbul olunması mümkün deyil. Xankəndi Azərbaycan ərazisidir və həmin ərazidə referendumu yalnız 122 saylı Xankəndi Dairə Seçki Komissiyası təşkil edə bilər”. Bu sözləri APA-ya açıqlamasında 122 saylı Xankəndi Dairə Seçki Komissiyasının sədri Allahverdi Doluxanov ermənilərin dekabrın 10-da Dağlıq Qarabağda keçirdikləri “Konstitusiyaya dair referendum”a münasibət bildirərkən deyib. Dünya birliyini ermənilərin keçirdiyi saxta referenduma sərt mövqe bildirməməkdə ittiham edən A. Doluxanovun sözlərinə görə, Qukasyan rejiminin beynəlxalq hüquqa zidd addımının sakit qarşılanması anlaşılmazdır: “Dünya birliyi bu məsələ ilə bağlı kifayət qədər sərt reaksiya nümayiş etdirməlidir. Biz ATƏT-in nümayəndələrinə demişik ki, ermənilərin yaratdığı saxta komissiyaların fəaliyyətinə münasibət bildirsinlər. Amma bu vaxta qədər tədbir görülmür”. A. Doluxanov Azərbaycanın güclü ordusu olduğunu bildirib və diplomatik danışıqların nəticə verməyəcəyi halda torpaqların hərbi yolla alınmasını vacib hesab edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR