Azərbaycan Milli Azlıqlar Konqresinin toplantısı keçirilib

Azərbaycan Milli Azlıqlar Konqresinin toplantısı keçirilib
# 14 dekabr 2006 15:46 (UTC +04:00)
Azərbaycan Milli Azlıqlar Konqresinin toplantısı keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Rus İcmasının rəhbəri Mixail Zabelin bildirib ki, konqresdə 15 təşkilat təmsil olunur və qurumun əsas fəaliyyət istiqaməti Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Dağlıq Qarabağda keçirilən seçkilərə də münasibət bildirən M. Zabelin beynəlxalq qurumları fəaliyyətsizlikdə ittiham edib. “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Kamil Həsənov 1988-ci ildə Ermənistan rəhbərliyinin kürdlərə qarşı vəhşi münasibətindən danışıb: “Ermənilərin müharibəsi təkcə azərbaycanlılarla deyil. Çünki 1988-ci ilə qədər Ermənistanda yaşayan 20 min kürd xüsusi amansızlıqla ermənilər tərəfindən qovuldu. Kürdlərin bir qismi Rusiyaya, digər hissəsi Azərbaycana qaçdı. Burada isə Azərbaycan dövləti azərbaycanlılarla bizə heç bir fərq qoymadı, hamını evlə təmin etdi”. K. Həsənov əməli işə keçmək vaxtının gəlib çatdığını da söyləyib: “Biz bu işi daha əvvəl görə bilərdik. Amma indi də gec deyil. Dünyaya çatdırmalıyıq ki, Ermənistan regionda faşizm siyasəti yürüdür”. Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Semyon İxiilov Ermənistanın işğalçı hərəkəti ilə bütün beynəlxalq qanunları pozduğunu qeyd edib: “Ermənistanın ərazi iddiası gülüncdür. İşğal edilən ərazilərin hamısı tarixi Azərbaycan torpaqlarıdır. Beynəlxalq təşkilatlar da bunu nəzərə alıb, problemin ədalətli həllinə nail olmalıdırlar”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR