Sərdar Cəlaloğlu: “Sanki hansısa gizli qüvvə iqtidarı müxalifətlə dialoqa başlamaması üçün cilovlayır”

Sərdar Cəlaloğlu: “Sanki hansısa gizli qüvvə iqtidarı müxalifətlə dialoqa başlamaması üçün cilovlayır”
# 15 dekabr 2006 09:05 (UTC +04:00)
“Sanki hansısa gizli qüvvə iqtidarı müxalifətlə dialoqa başlamaması üçün cilovlayır”. Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, müxalifətdə olan bütün siyasi təşkilatlar milli maraqlar məqsədilə iqtidarla dialoqa hazırdır. O, bu məqsədlə müxalifət təşkilatlarının təmsil olunduğu Təşəbbüs Qrupunun da yaradıldığını da deyib: “Fikrimizcə, “Milli Forum”un iqtidar və müxalifət təmsilçilərinin iştirakı ilə baş tutması digər problemlərin də həllinə yardım edər. İndiyə qədər dəfələrlə həm şifahi, həm də məktubla iqtidara müraciət etmişik. Amma hər dəfə məsələ açıq qalır. İndi isə söz Yeni Azərbaycan Partiyasınındır. Etimad baryerini aşmaq lazımdır ”. S. Cəlaloğlu dialoqun baş tutmasını demokratik gediş də adlandırıb: “Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov qeyd edilən məsələdə onlar tərəfindən heç bir problemin olmadığını deyir. Amma “Milli Forum”un keçirilməsində texniki məsələlər öz həllini tapmalıdır. Bu baxımdan forumun keçiriləcəyi günə qədər görüşün baş tutması vacibdir”. S. Cəlaloğlu sona qədər iqtidarı gözləmək niyyətində olmadıqlarını da söyləyib: “Əgər bu dəfə də iqtidar prosesdən özünü kənarlaşdırsa, “Milli Forum” onların iştirakı olmadan keçiriləcək və günahkar hakimiyyət olacaq”. Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı isə müxalifət tərəfindən nə dialoqda, nə də “Milli Forum”da iştirak üçün onlara rəsmi müraciət olunmadığını bildirib: “Bizim tərəfimizdən də heç bir problem yoxdur. Sadəcə, müraciət etsinlər, biz də öz tərəfimizdən məsələni həll edək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR