Azay Quliyev: “Elə insanlar var ki, Ramil Səfərovu qeyri-peşəkarcasına Milli Qəhrəman hesab edir və onu ilin adamı elan edirlər”

Azay Quliyev: “Elə insanlar var ki, Ramil Səfərovu qeyri-peşəkarcasına Milli Qəhrəman hesab edir və onu ilin adamı elan edirlər”
# 15 dekabr 2006 11:51 (UTC +04:00)
“Ramil Səfərovun apellyasiya məhkəməsi ilə bağlı hazırlıq işlərində müəyyən çətinliklər mövcuddur. Müdafiə ilə bağlı bütün texniki və təşkilati məsələlər yetərincə həyata keçirilməyib”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Ramil Səfərovun hüquqlarının müdafiəsi üzrə Koordinasiya Şurasının üzvü, millət vəkili Azay Quliyev bildirib. Məhkəməyə az bir müddət qaldığını deyən millət vəkili bu müddətdə prosesə daha yaxşı hazırlaşmağı vacib sayıb: “Verilən hökmün ədalətsiz olduğunu nəzərə alsaq, görərik ki, hökmü dəyişmək üçün hüquqi aspektlər kifayət qədərdir. Qalır bu işi lazımi səviyyədə qurmaq. Ona görə də müəyyən texniki, təşkilati və maliyyə məsələləri vaxtında öz həllini tapmalı, müdafiə ilə məşğul olan insanlar heç bir çətinlik çəkmədən Macarıstana ezam olunmalıdır. Düzdür, Müdafiə Nazirliyi məhkəmə xərclərini üzərinə götürdüyünü bəyan edib. Amma mənə belə gəlir ki, bu istiqamətdə digər iştirakçılar da addımlar atmalıdır”. Ədliyyə Nazirliyi tərəfindən R. Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı Macarıstana müraciətə gəldikdə, A. Quliyev hesab edir ki, ağır hökmü dəyişməyə nail olmadan ekstradisiya barədə danışılmamalıdır: “Ramil Səfərovun Azərbaycana gətirilməsi ilə bağlı müraciət qarşı tərəfi daha da qıcıqlandırır. Azərbaycanda olan əhval-ruhiyyə də birmənalı deyil. Elə insanlar var ki, Ramil Səfərovu qeyri-peşəkarcasına Milli Qəhrəman hesab edir və onu ilin adamı elan edirlər. Erməni tərəfi çox ciddi şəkildə bu işə protest verir ki, Ramil Səfərov Azərbaycana verilən kimi dərhal azad olunacaq. Ona görə də mən hesab edirəm ki, bəzi məsələləri açıq şəkildə etməməliyik. İndi bizim qarşımızda duran ən mühüm məsələ Ramil Səfərovun apelyasiya məhkəməsini qazanmaqdır. Ondan sonra zabitimizin Azərbaycana gətirilməsinə baxmalıyıq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR