Liberal Partiyasının növbəti qurultayı “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunduqdan sonra keçiriləcək

Liberal Partiyasının növbəti qurultayı “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunduqdan sonra keçiriləcək
# 15 dekabr 2006 14:44 (UTC +04:00)
“Azərbaycan Liberal Partiyasının sədrsiz fəaliyyət göstərdiyini əsas gətirib partiyadan getdiyini bəyan edən adamlar əslində öz addımlarını sığortalamağa çalışırlar. Sonuncu dəfə partiyadan qrup halında getməklə bağlı bəyanat yayan adamlardan yalnız biri ALP-nin üzvü olub ki, o da uzun müddətdir fəaliyyət göstərməyib”. Bu fikirləri APA-ya açıqlamasında ALP-nin sədr əvəzi Əvəz Temirxan partiyanın sədrsizlikdə ittiham edənlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Lalə Şövkət partiya sədrliyindən istefa verdikdən sonra ALP-nin idarəçiliyində heç bir problem olmayıb: “Sonuncu dəfə partiyadan istefa verən adamlar Müasir Müsavat Partiyasına gediblər. Bu fakt kifayət edir ki, onların şirniklənərək belə addım atdıqlarını söyləyim”. Ə. Temirxan ALP-nin uzun müddət sədrsiz fəaliyyət göstərməyəcəyini də bildirib. Onun sözlərinə görə, partiya bu ilin sonuna kimi qurultayını keçirmək niyyətində imiş. Amma “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi məsələsi gündəmə çıxdıqdan sonra bu qərarda dəyişiklik olub. Ə. Temirxan qurultayın yeni qanunun qəbul olunmasından sonra keçiriləcəyini və ALP-yə sədr seçiləcəyini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR