“Azadlıq” blokunun təşkil etdiyi dəyirmi masada qalmaqal baş verib

“Azadlıq” blokunun təşkil etdiyi dəyirmi masada qalmaqal baş verib
# 22 dekabr 2006 12:43 (UTC +04:00)
“Azadlıq” bloku bəzi dövlət bayramlarının iş günü elan olunması ilə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib ki, Milli Məclisdə Milli Dirçəliş, Müstəqillik və Konsititusiya günlərinin iş günü kimi qəbul olunmasını absurd yanaşma adlandırıb. Azərbaycanın müstəqilliyi üçün mübarizə aparan insanların hakimiyyət tərəfindən daim təzyiqlərə məruz qaldığını deyən Ə. Əliyev Əbülfəz Elçibəyin məzarının üstünün götürülməməsini buna bariz nümunə adlandırıb. AXCP sədri Əli Kərimli isə bildirib ki, əslində hakimiyyətin bu günlərə münasibəti əvvələr də normal olmayıb. Bu günlərin dövlət səviyyəsində qeyd edilmədiyini xatırladan partiya sədri hesab edir ki, hakimiyyət bununla millətin oyanış gününü yaddaşlardan silməyə çalışır: “Hakimiyyətin bu addımının cavabı olaraq milli dirçəliş və müstəqilliklə bağlı daha çox kitablar dərc edilməli və yayılmalıdır”. MSK-nın və VHP-nin keçmiş üzvü Ənvər Əliyev isə öz çıxışında 20 ildir Azərbaycana “qara əl”in idarə etdiyini və həmçinin Meydan Hərəkatı zamanı bəzi şəxslərin xəyanət etdiyini bildirib. Onun sözlərinə görə, o zamankı məhkəmə ifadələri cəmiyyətə açıqlanmalı və kimin-kim olduğu bilinməlidir: “Sabir Rüstəmxanlı o zaman məhkəmədə verdiyi ifadədə birbaşa olaraq mənim əleyhimə fikirlər işlədib. O deyib ki, insanların “Azadlıq” meydanında gecələməsi ilə bağlı təklifi Ənvər Əliyev verib. Ona görə də məhkəmə ifadələri tam şəkildə açılmalıdır”. Tədbirdə iştirak edən Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri, S. Rüstəmxanlının qardaşı Əlövsət Əliyev isə Ənvər Əliyevi səmimi olmamaqda ittiham edib: “Əgər sən o zaman Sabir Rüstəmxanlının bu xəyanətini bilirdinsə, nəyə görə ondan sonrakı 15 il ərzində onun arxasınca getdin, VHP-də fəaliyyət göstərdin? Nəyə görə bu məlumatları əvvəllər açıqlamırdın? MSK-ya nümayəndə göndərilmədiyin üçün indi danışmağa başlamısınız”. Tədbirin təşkilatçıları tərəflər arasında mübahisənin böyüməsinə imkan verməyiblər. Dəyirmi masada Nurəddin Məmmədli, Nurəddin İsmayılov, Həsrət Rüstəmov, Fuad Qəhramanlı, Əvəz Temirxan və digərləri də dövlət bayramlarının iş günü elan olunması ilə bağlı öz fikirlərini bildiriblər. Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva isə baş verənlərə cəmiyyətdə ciddi etirazın və müqavimətin olmadığını qeyd edib: “Buna görə də hakimiyyət istədiyi qərarı qəbul edə bilir. Bu tədbiri biz siyasilər yox, ziyalılar keçirməli idilər, amma onlar ümumiyyətlə ölkədə baş verənlərə münasibət bildirmirlər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR