Elxan Şükürlü: “Oqtay Hümbətov partiyanın Siyasi Şurasının qərarı ilə deyil, yalnız İlyas İsmayılovun istəyi ilə MSK-ya göndərilib”

Elxan Şükürlü: “Oqtay Hümbətov partiyanın Siyasi Şurasının qərarı ilə deyil, yalnız İlyas İsmayılovun istəyi ilə MSK-ya göndərilib”
# 25 dekabr 2006 10:12 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında O.Hümbətovun Siyasi Şuranın qərarı ilə MSK-ya göndərildiyi barədə mətbuata dediklərinə münasibət bildirən Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü deyib. E.Şükürlü O.Hümbətovun mətbuata yanlış məlumat verdiyindən təəssüfləndiyini də deyib: “Oqtay müəllimin dedikləri məni də təəccübləndirdi. Təəssüf edirəm ki, o, MSK üzvü kimi fəaliyyətinə indidən yalanla başlayıb. Açığı, mən partiya maraqlarını nəzərə alaraq, bu barədə ətraflı danışmaq istəmirəm. Ancaq bunlar mərdi qova-qova namərd edirlər. Həqiqəti bilmək istəyirsinizsə, Oqtay müəllimin söylədiyi tarixdə Siyasi Şuranın 13 üzvündən 5-in iştirakı ilə bir toplantı olub ki, bu da yetərsay olmadığından rəsmi iclas sayıla və həmin iclasda çıxarılan qərarın heç bir hüquqi əsası ola bilməz”. İ.İsmayılovun niyə məhz O.Hümbətovun üzərində dayanması məsələsinə gəlincə, E.Şükürlü “Bunu bir İlyas müəllim, bir də Oqtay Hümbətov yaxşı bilir, odur ki, qoy özləri məsələyə aydınlıq gətirsinlər”, - söyləyib.
O.Hümbətov isə APA-ya açıqlamasında E.Şükürlünün dediklərini onun şəxsi mövqeyi kimi qiymətləndirib: “Elxan bəyin fikirlərinə hörmətlə yanaşıram. Lakin həqiqət budur ki, partiyanın Siyasi Şurasının iclasında mənim MSK-ya namizədim məsələsi müzakirə olunub və bununla bağlı qərar qəbul edilib”.
Partiya daxilində yaranmış ziddiyyətlərlə bağlı İlyas İsmayılov danışmaq istəmədiyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR