Şükrü Elekdağ: “Türkiyə İrəvana təyyarə reyslərini dayandırmalı, dolayı ticarəti ləğv etməli, 70 min Ermənistan vətəndaşını ölkədən çıxarmalıdır”

Şükrü Elekdağ: “Türkiyə İrəvana təyyarə reyslərini dayandırmalı, dolayı ticarəti ləğv etməli, 70 min Ermənistan vətəndaşını ölkədən çıxarmalıdır”
# 13 fevral 2007 10:26 (UTC +04:00)
Bu fikirləri APA-nın Türkiyə bürosuna eksklüziv müsahibəsində Türkiyə Xarici İşlər Nazirliyi İcra Aparatının sabiq rəhbəri, Türkiyənin Vaşinqtonda keçmiş səfiri, CHP İstanbul millət vəkili Şükrü Elekdağ söyləyib. O, Buş administrasiyasının Konqresdə qondarma “erməni soyqırımı”nın tanınması haqqında qərar qəbulunu əngəlləmək imkanında olduğunu deyib. “Əgər, prezident Buş Nümayəndələr Palatasının sədrinə məktub yazaraq “Türkiyə bizim strateji müttəfiqimizdir, Amerikanın milli mənafeyi bizim bu müttəfiqimizlə əməkdaşlıq etməyimizi zəruri edir. Nümayəndələr Palatası uzaqgörənlik etməyərək “soyqırımı” qərarını qəbul edərsə, Türkiyə ilə münasibətlərimiz ciddi şəkildə pozular. Bu da Amerikanın mənafeyinə ağır zərbə endirər. Çünki belə olan təqdirdə Türkiyə bizimlə əməkdaşlıq etməyəcək və Ankaranın bu qərara reaksiyası çox sərt olacaq. Türk xalqı bu məsələyə çox həssasdır, ona görə də Amerikanın milli mənafeyini düşünərək belə bir qərar layihəsi qəbul etməyək” deyərsə, məncə, Konqresin Demokrat Partiyasından olan üzvləri bunu nəzərə alarlar. Bütün məsələ Corc Buşun öz mövqeyini güclü ifadələrlə və Türkiyənin önəmini vurğulayaraq bunu Konqresə bildirməsindən ibarətdir. Yoxsa, prezident yumşaq ifadələrlə və “dostlar alış-veriş görsün” tipli məktub yazarsa, bundan bir şey çıxmaz”. Şükrü Elekdağ demokratların Konqresdə üstünlük əldə etməsinin Türkiyəni ümidsiz duruma salmadığını deyib. “Türkiyə Böyük Millət Məclisinin üzvləri ABŞ-a gedərək Demokrat Partiyasından olan millət vəkilləri ilə münasibət yaratması lazımdır. Bizim demokrat konqresmenlərə deyiləcək çox sözümüz var, onlar da bizim kimi Buş iqtidarının İraqda müharibəyə başlamasına qarşı çıxmışdılar. Çünki bu müharibə Amerikanı qanlı bataqlığın içərisinə saldı, indi bu bataqlıqdan necə çıxacağını bilmir. Bizim parlament də bu savaşa qarşı idi, amma biz Türkiyə Böyük Millət Məclisi olaraq ABŞ-dakı demokratlardan daha cəsur idik və İraqda müharibə planlarına qarşı daha sərt reaksiya verdik. Biz Amerikaya gedəndə onlara bunu xatırladacağıq”. Şükrü Elekdağ demokrat konqresmenlərin heç də hamısının Türkiyə əleyhdarı olmadığını deyib: “Onların sırasında bizi dəstəkləyən bir çox insan var. Biz onlarla görüşüb, qondarma “erməni soyqırımı” qərarının Türkiyə ilə münasibətlərə nə qədər zərər vuracağını həmkarlarımıza izah edəcəyik”. Sabiq diplomat Türkiyə hökuməti və Xarici İşlər Nazirliyinin bir məqamda səhv etdiyini deyib. “Əvvəllər deyilirdi ki, Amerikada erməni diasporası güclüdür və bütün qərar layihələrinin arxasında diaspora dayanır. Amma indi belə şey yoxdur. Ermənistan müstəqil olandan sonra ölkənin xarici siyasətini İrəvan idarə etməkdə və diasporanı yönləndirməkdədir. Bu işlərə dirijorluq edən, istiqamətləndirən şəxs Ermənistanın Vaşinqtondakı səfiridir. Buna görə də bizim Ermənistana yönəlik siyasətimizə yenidən baxmağımız lazımdır. Kiçicik bir Ermənistanın Türkiyə ilə siçan-pişik oynamasını heç bir türk qəbul edə bilməz. Biz ABŞ və Avropa İttifaqının tələbi ilə Ermənistana tətbiq etdiyimiz siyasəti dəyişdirdik. Azərbaycan torpaqlarını işğal edəndən sonra Türkiyə Ermənistana embarqo tətbiq etdi. Bu tədbir Ermənistanı dəhşətli dərəcədə sıxışdırdı, amma ABŞ və Avropa Birliyinin təzyiqləri ilə Türkiyə embarqonu bir qədər yumşaltdı. Nəticəsi nədir? Hər cür böhtanlarla dünyada Türkiyənin imicinə zərbə vuran Ermənistanın həftədə 6 təyyarəsi İstanbul aeroportuna enir. İstanbula gələn ermənilər “çamadan ticarəti” ilə özlərini dolandırırlar onların buna çox böyük ehtiyacı var. Türkiyənin ərzaq məhsulları Gürcüstan və İran vasitəsilə Ermənistana gedir, 70 min Ermənistan vətəndaşı Türkiyədə qeyri-leqal olaraq çalışır. Türkiyə Ermənistana lazımi təzyiqlər göstərməlidir - əgər, qondarma “erməni soyqırımı” qərarlarının qarşısını Türkiyə ilk növbədə bu təyyarə reyslərini dayandırmalı, dolayı ixracatın qarşısını almalı, 70 min Ermənistan vətəndaşını öz ölkəsindən çıxarmalıdır. Ermənistana “ağlını başına topla” mesajı verilməlidir. Ermənistan anlamalıdır ki, Türkiyəyə qarşı hansı siyasəti yürütsə, on qat əvəzini görəcək”. Şükrü Elekdağ qondarma “erməni soyqırımı” iddialarına qarşı təkcə ABŞ hökuməti ilə əməkdaşlıq hesabına müvəffəqiyyət qazanmağın mümkün olmadığını deyib. “Konqresdəki millət vəkili və senatorlarla tək-tək görüşmək lazımdır. Mən 1984-cü ildə 3 ayda 145 millət vəkili ilə görüşmüşdüm. Amerikada mənə “Konqresdə lövbər salan adam” ləqəbini vermişdilər. Oradakı yunan lobbisi mənim əleyhimə “Persona non qrata” qərarı qəbul etdirməyə çalışırdılar. Bu qərar layihəsini 90 millət vəkilinə imzalatmışdılar, məni Amerikadan qovdurmaq istədilər, ancaq müvəffəq ola bilmədilər. ABŞ-dakı həmkarlarımın ciddi-cəhdlə çalışdığına əminəm, amma təəssüf ki, mövqeyimizi bir qədər əldən vermişik. Mənim səfir işlədiyimiz dövrdə Amerikanın 69 elm adamı bəyannamə imzalayaraq “soyqırımı” iddialarının yanlış olduğunu elan etmişdilər. Sonra ermənilər bu adamları qorxutdular və onlar bir daha belə bir bəyannamə imzalamadılar. Bilirsiniz ki, ermənilər qabaqlar fiziki terror həyata keçirərək, türk diplomatlarını şəhid edirlər. İndi gördükləri isə akademik terrordur. Bu məsələ ilə bağlı onların istədiyi kimi yazmayanları öldürürlər, evlərini yanıdırırlar”. Şükrü Elekdağ Türkiyə Silahlı Qüvvələri baş qərargah rəisinin ABŞ-a səfərini yüksək qiymətləndirib. “10 il Vaşinqtonda səfir işlədim, amma ilk dəfədir belə vəziyyətlə üzləşirəm. Yaşar Böyükanıt ABŞ-da olarkən Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Tom Lantos onunla görüşmək istədiyini bildirib. Amerikalı siyasətçilər əcnəbi ölkələrin hərbçiləri və komandanları ilə qətiyyən görüşməzlər. Ancaq önəmli bir şəxs olan Tom Lantos Türkiyə Silahlı Qüvvələri baş qərargah rəisi ilə görüşmək istəyir. Mən baş qərargah rəisimizi tanıyıram, orada ən təcrübəli bir diplomat kimi danışacağına və Tom Lantosa problemləri ən düzgün şəkildə başa salacağına əminəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR