İslam Partiyası Hacıqabul rayon təşkilatının sədri: “Partiyanın fəaliyyəti Nardaran kəndindən kənara çıxa bilməyib”

İslam Partiyası Hacıqabul rayon təşkilatının sədri: “Partiyanın fəaliyyəti Nardaran kəndindən kənara çıxa bilməyib”
# 28 mart 2007 16:18 (UTC +04:00)
“İslam Partiyasının fəaliyyəti bu müddət ərzində Nardaran kəndindən kənara çıxa bilməyib. Bu, partiya üçün mənfi haldır. Partiyanın rəhbərliyi isə bu barədə lazımi addımları atmır”. Bu sözləri APA-ya açıqlamasında İslam Partiyası Hacıqabul rayon təşkilatının sədri Vidadi Əliyev bildirib. Onun sözlərinə görə, onlar partiyanın sədri Hacıağa Nuriyə qarşı kampaniya aparmaq fikrində deyillər və sadəcə, təşkilat rəhbərliyinin fəaliyyətindən narazıdırlar. V. Əliyev qurultayda sədr postuna namizədi müəyyənləşdirmək üçün partiyanın bəzi rayon təşkilatlarının sədrləri ilə müzakirələr aparacaqlarını deyib: “Bizim Hacıağa Nuriyə və partiya rəhbərliyində təmsil olunan digər adamlara qarşı heç bir qərəzimiz yoxdur. Bunu partiyanın sədri də bilməlidir”. O, partiya rəhbərliyinə qarşı narazılığın səbəbləri haqda da danışıb: “İki ildən çoxdur ki, partiyanın yerli təşkilatlarının fəaliyyəti ilə maraqlanan yoxdur. Demək olar ki, partiyanın yerli şöbələri rayon təşkilatlarının sədrlərinin şəxsi imkanları sayəsində fəaliyyət göstərir. Nəticədə də partiya hazırkı vəziyyətə düşüb”. Partiyanın sədri postuna namizədliyini verməyəcəyini də qeyd edən V. Əliyev qurultayda bunun bəlli olacağını deyib: “Bizimlə həmfikir olanlar çoxdur. Lakin bəziləri rəhbərlərə yarınmaq üçün həqiqəti deməkdən çəkinirlər. Mən İslam Partiyasının bundan sonra daha aktiv və keyfiyyətli fəaliyyət göstərməsini istəyənləri qurultayda Hacıağa Nuriyə səs verməməyə çağırıram”.
İslam Partiyasının sədr müavini Vaqif Abdullayev isə Hacıqabul rayon təşkilatının sədrinin fikirlərinə hörmət etdiyini deyib: “Vidadi Əliyev partiyanın rayon təşkilatlarının sədrləri içərisində ən aktivlərindən biridir və onun şəxsi qərəzdən çıxış etmədiyinə əminəm. O, nizamnaməyə uyğun şəkildə öz etirazını bildirib və hesab edirəm ki, onun fikirlərində nəsə var”. V. Abdullayev qurultayda partiya sədri postu uğrunda aparılacaq mübarizənin demokratik olacağını da deyib: “Qurultayda namizədliyimi irəli sürməyəcəyəm. Amma mənim namizədliyimin irəli sürülməyəcəyini istisna etmirəm”. O, qurultayda bütün suallara aydınlıq gətiriləcəyinə əmin olduğunu da söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR