Andres Herkel: “Azərbaycanın öhdəlikləri ilə bağlı məruzə AŞPA-nın aprel sessiyasında müzakirə üçün tam hazırdır”

Andres Herkel: “Azərbaycanın öhdəlikləri ilə bağlı məruzə AŞPA-nın aprel sessiyasında müzakirə üçün tam hazırdır”
# 28 mart 2007 16:19 (UTC +04:00)
“Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərlə bağlı hazırlanmış hesabatlara nəzərə salsaq, görərik ki, Seçki Məcəlləsinin təkmilləşdirilməsi, seçki komissiyalarının yenidən formalaşdırılması, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi əsas tələblərdən olub”. Bu sözləri APA-nın Avropa bürosuna verdiyi eksklüziv açıqlamasında AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel verib. O, Azərbaycan hökumətinin bu məsələlərlə bağlı Venesiya Komissiyası ilə əməkdaşlıq etdiyini xatırladıb: “Hökumətin bu məsələlər ətrafında Venesiya Komissiyası ilə əməkdaşlıq etdiyini bilirik. Amma bu məsələləri bir daha hesabata daxil etməyi zəruri saydıq və hesab edirik ki, prezident seçkilərinə qədər bu məsələlərlə bağlı qanunlar qəbul olunmalıdır”. A. Herkel hesabatın müzakirəsi zamanı bir sıra müsbət məqamların qeyd olunduğunu bildirib: “Belə məqamlar sırasında prezidentin əfv fərmanı ilə bir neçə siyasi dustağın azadlığa buraxılmasını, “Azadlıq” qəzetinin fəaliyyətini bərpa etməsini qeyd etmək olar. Siyasi məhbus məsələsinə gəldikdə, biz bu şəxslərlə bir-bir maraqlanırıq. Belə qərara alındı ki, bu məsələ amnistiya yolu ilə həllini tapsın. Mən bu məsələləri həm hökumət, həm də qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşümdə qeyd etmişəm. Siyasi məhbuslarla bağlı xüsusi məruzəçinin təyin olunması təkliflərini başa düşürəm, amma son əfv fərmanından sonra işçi qrupun bu istiqamətdə gördüyü işlərin heç bir nəticə vermədiyini söyləmək düzgün olmazdı. Həmişə demişəm, görsək ki, işçi qrup məsələləri həll edir, o zaman xüsusi məruzəçiyə ehtiyac qalmayacaq. Bundan başqa, yeni məruzəçinin bu problemi həll edib-edə bilməyəcəyini də söyləmək çətindir”. A. Herkel Azərbaycan tərəfinin məruzəyə düzəlişləri vaxtında təqdim etməsindən razı qaldığını deyib: “Artıq məruzə aprel sessiyasında müzakirə üçün tam hazırdır. Düzəlişlərə gəlincə, bunlar faktlardan çox izahat xarakteri daşıyırdı. Milli Məclisdə deputatlar arasında baş verən insidentə gəldikdə, bu məsələni məruzənin əsas hissəsinə salmamışıq. Sadəcə, qeyd etmişik ki, belə bir hadisə baş verib və bununla bağlı gələcəkdə Azərbaycan tərəfinin izahını gözləyəcəyik. Bu gün keçirilən müzakirələrdə bu insident haqda heç bir müzakirə aparılmadı”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR