Arif Hacılı: “Seçki komissiyalarının tərkibi ilə bağlı yeni layihələr hazırlayan partiyalarla müzakirələr aparmağa hazırıq”

Arif Hacılı: “Seçki komissiyalarının tərkibi ilə bağlı yeni layihələr hazırlayan partiyalarla müzakirələr aparmağa hazırıq”
# 08 may 2007 12:18 (UTC +04:00)
“Seçki Məcəlləsi ilə bağlı müxalifət partiyalarının ümumi fikri komissiyaların paritet əsaslarla formalaşdırılmasıdır. Partiyaların ayrı-ayrılıqda layihələr hazırlaması bu tələbi arxa plana keçirmir”. Bu açıqlamanı APA-ya Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib. O, yeni layihələr hazırlayan partiyalarla müzakirələrin aparılmasını da mümkün saydığını deyib. Bununla bərabər Arif Hacılı “Azadlıq” blokunun hazırladığı təklifləri tam hesab etmir: “Həmin təkliflərdə məsələyə kifayt qədər məsuliyyətli yanaşılmayıb. Hətta bir faiz barajı aşmış partiyaların sayı belə orada düzgün göstərilməyib. Komissiyalarda Yeni Azərbaycan Partiyasına 15 faiz yer verilməsi təklif edilir. YAP-ın bununla razılaşacağına inanmaq çətindir. Amma AXCP Yeni Azərbaycan Partiyasını razı sala bilsə ki, komissiyaların 15 faiz YAP, yerdə qalanı digər qüvvələrdən formalaşsın, o zaman bununla razılaşarıq. Amma bu variant o qədər də inandırıcı görünmür. Bu təkliflərin ortaya çıxması mahiyyət etibarı ilə guya müxalifətin vahid mövqedə olmadığını göstərən təklifdir”. A. Hacılı Müsavatın bundan əvvəl parlamentdə təmsil olunan müxalifət partiyalarının ənənələrini davam etdirmədiyini də bildirib: “Müsavat seçki komissiyalarının parlament partiyalarının üzvlərindən formalaşması fikri ilə razılaşmayıb və ona ayrılan yerlərdən imtina edib. Kiminsə Müsavatı ittiham etməsi ədalətsizdir. Bundan əvvəl heç bir partiya MSK-dan imtina ilə bağlı qərar qəbul etməyib. Amma kimlərsə ittiham irəli sürürlərsə və hesab edirlərsə ki, siyasi fəaliyyətləri yalnız aparıcı müxalifət partiyasının addımlarına münasibət bildirməkdən və bir çox hallarda qərəzli, yalan, böhtan deməkdən ibarət olmalıdır, bu, onların öz işləridir”. “Azadlıq” blokunun üzvü Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Həsən Kərimov isə APA-ya bildirib ki, partiyaların ayrı-ayrılıqda layihələr hazırlamasına səbəb məhz Müsavat Partiyasının mövqeyi olub. Onun sözlərinə görə, bu məqsədlə blok bir sıra partiyalarla danışıqlar aparıb, lakin Müsavat vahid layihə ilə çıxış etmək təklifinə əhəmiyyət verməyib: “Biz yalnız bir variantla - paritet əsaslarla seçki komissiyalarının yaradlması təklifi ilə çıxış edirdik, amma Müsavat bir neçə variant irəli sürüb ki, onların yalnız birində paritet variantı var. Ona görə də blok ayrıca layihə hazırlamalı oldu”. H. Kərimov onu da qeyd edib ki, əgər Müsavat blokun təkliflərini qəbul edərsə, o zaman yenidən bir araya gəlib vahid layihə hazırlamaq mümkündür: “Amma bizim təkliflər nəzərə alınmasa, təbii ki, bu məsələdə əməkdaşlıq edə bilmərik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR